Bank Of Baku

ACP ilə “Azadlıq” blokunun üzvü olan partiyaların liderləri arasında danışıqlar başlayıb

ACP ilə “Azadlıq” blokunun üzvü olan partiyaların liderləri arasında danışıqlar başlayıb
# 03 sentyabr 2007 09:29 (UTC +04:00)
2008-ci il prezident seçkilərində eyni mövqedən çıxış etmək və seçkiöncəsi vəziyyətin demokratikləşməsi üçün birgə mübarizə aparmaq üçün Açıq Cəmiyyət Partiyası (ACP) ilə “Azadlıq” blokunun üzvü olan partiyaların liderləri arasında ayrı-ayrılıqda danışıqlar başlayıb. Bu barədə APA-ya ACP sədri Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, ötən həftə Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət və AXCP sədri Əli Kərimli ilə görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı müxalifətin strategiyaları müzakirə olunub: “Müzakirələr zamanı bildirildi ki, lazım gəlsə, bu qurumlar prezident seçkiləri öncəsi birgə addımlar atacaq, etiraz aksiyaları təşkil edəcək. Amma görüşdə vahid namizədlə bağlı hər hansı müzakirə aparılmadı. Çünki bizim birinci məqsədimiz seçki şəraitinin yaxşılaşdırılmasıdır”. A. Şahbazov ACP-nin ümumilikdə vahid namizədlə bağlı müzakirələrə son qoyulmasına tərəfdar olduğunu deyib.
AXCP sədrinin müavini Həsən Kərimov APA-ya açıqlamasında “Azadlıq”la ACP-nin əməkdaşlığının mümkün olduğunu və bunun müxalifətə fayda verə biləcəyini deyib: “Müxalifət qüvvələrinin bir araya gəlməsi indiki məqamda daha vacib hesab olunur”. Görüşdə irəli sürülən təkliflərdən xəbərsiz olduğunu deyən H. Kərimov məsələ ilə bağlı bu həftə AXCP rəhbərliyində müzakirənin gözləndiyini bildirib.
Milli Birlik Hərəkatının təmsilçisi Elman Məmmədzadə APA-ya bildirib ki, sözügedən şəxslər əvvəl “Azadlıq” blokunda birgə fəaliyyət göstəriblər. Amma ADP-də baş verən parçalanmadan sonra ACP yaranıb və bloka daxil olmayıblar: “İndi bu partiyalar arasında yenidən əməkdaşlıq meylləri yaranıb və bu məqsədlə görüşlər başlayıb. Bu danışıqların sonunda partiyalararası əməkdaşlıqla bağlı qərar ola bilər”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hələlik onunla hər hansı müzakirə aparılmadığından, ACP ilə əməkdaşlıq barədə hər hansı fikir söyləməyə çətinlik çəkdiyini bildirib: “Əgər ACP rəhbərliyi əməkdaşlıqla bağlı müraciət edərsə, bu müraciətə baxılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR