Bank Of Baku

Rəbiyyət Aslanova: “Azərbaycanda yaşayan avarlar heç vaxt muxtariyyət tələb etmək niyyətində olmayıb və olmayacaq”

Rəbiyyət Aslanova: “Azərbaycanda yaşayan avarlar heç vaxt muxtariyyət tələb etmək niyyətində olmayıb və olmayacaq”
# 03 sentyabr 2007 15:09 (UTC +04:00)
“Zaman-zaman Azərbaycana qarşı müxtəlif təxribatlar olur, bu da onlardan biridir. Azərbaycanda yaşayan avarlar heç vaxt o fikirdə olmayıb və olmayacaq”. Bu sözləri APA-ya açıqlamasında Balakəndən seçilmiş millət vəkili, fəlsəfə elmləri namizədi, dosent Rəbiyyət Aslanova deyib. Ermənistanda keçirilmiş “Qafqaz Albaniyası dövlətçiliyi və onun etno-mədəni irsi” adlı simpoziumda Dağıstan Dövlət Universitetinin professoru Timur Aytberovun Azərbaycanda yaşayan avarların muxtariyyət almaq niyyətində olduğu barədə söylədiklərinə münasibət bildirən R. Aslanova bunu Azərbaycandakı sabitliyi, əmin-amanlığı pozmaq cəhdi kimi qiymətləndirib: “Azərbaycanda yaşayan milli azlıqlar ən böyük ideya olan azərbaycançılıq ideyasını özlərinin əqidəsi kimi qəbul etmiş insanlardır. Azərbaycanda yaşayan avarlar heç vaxt o fikirdə olmayıb və olmayacaq. Milli azlıqların nümayəndələri bu cür sözlərə, provokasion addımlara qarşı həmişə öz münasibətlərini bildirib və bildirməkdədir. Həmin adamın kimliyini mən ümumiyyətlə, bilmirəm. Çünki nə bir alim kimi onun adı elmi ictimaiyyətə tanışdır, nə də ictimai xadim kimi belə bir adamı tanıyırıq. Onun avar xalqı - xüsusilə də Azərbaycanda yaşayan milli azlıqlar adından danışmağa haqqı yoxdur. Mən həmin bölgənin deputatı kimi bəyan edirəm ki, “milli çoxluq”, “milli azlıq” söhbəti Balakən üçün tamamilə yaddır, biz belə bir məsələnin gündəmə gəlməsinin əleyhinəyik. Azərbaycanda yaşayan hər bir xalqın, millətin, etnik qrupun nümayəndəsi azərbaycançılıq adlı böyük ideyanı rəhbər tutaraq bu məmləkətin vətəndaşı olmaqdan qürur hissi keçirir”.
Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim isə avarlar adından səslənmiş bəyanatı təxribat adlandırıb: “Ermənistan özlərini elm adamı adlandıran müxtəlif şəxslərin vasitəsilə Azərbaycana növbəti ərazi iddiaları irəli sürməyə çalışır. Beynəlxalq ictimaiyyət və region ölkələri bunu nəzərə almalıdır. Mən ümid etmək istərdim ki, Ermənistan tərəfi Qafqaz Albaniyasının tarixini öyrənəndən sonra bu günə kimi irəli sürdüyü bütün iddiaların boş bir şey olduğunu dərk edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR