Bank Of Baku

Taliyət Əliyev: “Müxalifətin seçkilərdə vahid namizədlə iştirak edəcəyi inandırıcı görünmür”

Taliyət Əliyev: “Müxalifətin seçkilərdə vahid namizədlə iştirak edəcəyi inandırıcı görünmür”
# 04 sentyabr 2007 14:21 (UTC +04:00)
“2008-ci ildə keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədlə iştirak edəcəyi inandırıcı görünmür. Amma vahid namizəd olmasa, bu, müxalifətin bəri başdan məğlubiyyətlə barışması deməkdir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev deyib. O bildirib ki, ADP sonuncu qurultayında Azərbaycanda keçiriləcək bütün seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib və buna görə də növbəti seçkilərə qatılacaq: “Müxalifətin vahid namizədi olacağı halda, həmin namizədi dəstəkləyəcəyik. Bu baş tutmadıqda, ADP-yə yaxın qüvvələrlə seçki bloku yaradılacaq və həmin blokun namizədi müdafiə olunacaq. Bu da baş tutmasa, partiya öz namizədini irəli sürəcək”. T. Əliyevin sözlərinə görə, indiki mərhələdə müxalifətin vahid mövqeyə gəlməsi üçün çalışmağa ehtiyac var və ADP bu istiqamətdə digər partiyaların liderləri ilə danışıqlar aparır. Hələlik danışıqların hansı qüvvələrlə aparıldığını açıqlamağa ehtiyac görməyən T. Əliyev bu ilin sonuna kimi ADP-nin seçkilərlə bağlı mövqeyinin konkret müəyyənləşəcəyini vurğulayıb: “Bu məsələdə hər kəs şəxsi iddialarından geri çəkilməlidir. Amma resursu, potensialı olmayan bəzi şəxslər vahid namizəd olmaq iddiasındadır. Həmin şəxslər bu məsələ ilə bağlı daha dərindən düşünməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR