Bakı - APA-Economics. "Foreign Affairs" jurnalı 2015-ci ilin yanvar-fevral ayları üçün olan buraxılışında Azərbaycanda biznes və iqtisadiyyatın inkişafına həsr olunmuş geniş məqalə dərc edib.
Ölkənin ən iri investisiya şirkətlərindən biri olaraq "Synergy Group" da həmin məqalədə yer alıb.
Şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən Müşahidə Şurasının sədri Dəyanət Quliyev hazırda Qrupun onlarla iqtisadi sahə üzrə şirkətləri əhatə etdiyini bildirib. Həmin şirkətlərdən bir çoxunun ölkənin müxtəlif regionlarında yerləşdiyini qeyd edən D.Quliyev bununla da Qrupun regionların sosial-iqtisadi inkişafına töhfə verdiyini vurğulayıb.
O, həmçinin, tikinti sahəsinin Qrupun prioritet sahələrindən biri olduğunu və əsas iri layihələrin məhz bu sahədə cəmləndiyini qeyd edib.
Müşahidə Şurasının sədr müavini Fəxriyar Cabbarov tikilməkdə olan AFC fibro sement zavodu və Şəmkirdə açılışı planlaşdırılan, zavod, bina və körpülərin tikintisində istifadə olunan metal konstruksiyaların istehsalını həyata keçirən Zəyəm Texnologiyalar Parkı barədə məlumat verib.
Qeyd etmək lazımdır ki, "Foreign Affairs" jurnalının sözügedən nömrəsi 2015-ci ilin yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları arasında paylanıb.