Bakı. Etibar Məmmədov – APA. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım tədbir keçirilib.
AHİK-dən APA-ya verilən məlumata görə, AHİK-in sədrinin müavini Cavanşir Alxasov ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib, beynəlxalq ictimaiyyətin bu soyqırımına siyasi-hüquqi qiymət verməsinin vacibliyi vurğulayıb: “Bu soyqırımı nəticəsində Xocalının dinc sakinləri misli görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncələr verilib. Xocalı faciəsi insanlıq tarixinə düşmüş qanlı hadisə kimi qiymətləndirilməlidir. Dünyanın sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Xocalı haqqında acı həqiqətləri bilməli, insanlığa qarşı törədilmiş bu cinayət siyasi-hüquqi qiymətini almalıdır”.
C. Alxasov qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Qarabağ probleminin həlli ilə bağlı prezident İlham Əliyevin fəaliyyətini müdafiə edir, bu problemin sülh yolu ilə həll olunmasına tərəfdardır: “Lakin qarşı tərəfin danışıqlarda saxta mövqeyi bizi qane edə bilməz. Azərbaycan xalqı ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarından istifadə etmək, o cümlədən torpaqlarının güc yolu ilə geri qaytarılması hüququnu özündə saxlayır. Dövlətimiz lazım gəldikdə bu hüququndan istifadə edəcəkdir. Buna beynəlxalq hüquq normaları, BMT, ATƏT və digər təşkilatların qətnamələri, müstəqil Azərbaycanın iqtisadi gücü və siyasi iradəsi imkan verir”.
Tədbirdə tarix elmlər doktoru Vəkil Həsənov isə çıxışında erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərin ağır nəticələrini faktlarla tədbir iştirakçılarına çatdırıb, bu qətliamın bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli soyqırımı, qanlı cinayət olduğunu bildirib.