Parlamentdən APA-ya verilən məlumata görə, vitse-spiker Azərbaycanla ATƏT arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqları, o cümlədən onun tərkib hissəsi olan insan alveri qurbanlarının hüquqlarının qorunması sahəsində ciddi qanunvericilik bazası mövcuddur: “Bu məsələlər müstəqil Azərbaycanın Konstitusiyasında, dövlət başçısının imzaladığı müvafiq sərəncamlarında öz əksini tapıb. Ölkəmizdə insan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın inkişafına böyük önəm verilir”.
B.Muradova vurğulayıb ki, artıq Azərbaycanda bu sahədə üçüncü dövlət proqramı - “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” həyata keçirilir: “Adı çəkilən sənəddə insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyəti, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, bu sahədə maarifləndirmə işinin aparılması və digər zəruri məsələlər yer alıb. Ölkədə bu sahəyə parlament nəzarəti həyata keçirilir. Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatları dinlənilir".
Mədinə Yarbuzinova isə bildirib ki, səfər çərçivəsində qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə bir sıra görüşlər keçirib. O, insan alveri ilə mübarizə sahəsində Azərbaycanda görülən işləri, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini təqdirəlayiq hesab edib. Görüşdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşdülər, qonağı maraqlandıran suallara ətraflı cavablar veriblər.