Bakı. Mübariz aslanov – APA. Milli Məclisin plenar iclasında bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
APA – nın məlumatına görə, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.
Üç fəsil və 20 maddədən ibarət olan yeni qanunda bələdiyyə qulluqçularının xidməti davranış qaydaları, etik kodeksləri və intizam məsuliyyətləri göstərilib. Qanunda həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları da əks olunub. Sənəd özündə ehtiva edilənləri pozulmasına görə məsuliyyəti də nəzərdə tutur.
Müzakirələr zamanı deputat Rəfael Cəbrayılov belə bir qanunun qəbulunun əleyhinə çıxıb. O qeyd edib ki, bu qanun 2007-ci ildə dövlət qulluqçularının etik davranışı ilə bağlı qanundan köçürülüb: “Bundan başqa hüquqi sistemdə də eyni ikinci qanunun qəbul olunmasına və yükün artırılmasına icazə verilmir. Onsuzda bizdə etik davranışlarla bağlı qanun var və bunun qəbulu əlavə işdir”.
Ona cavab verən A. Rəhimzadə isə bildirib ki, layihənin hazırlanmasında dövlət qulluqçularının etik davranışları ilə bağlı qanundan istifadə olunması doğrudur, amma bu, tam köçürülmə deyil. Komitə sədri bələdiyyələrin etik davranışı ilə bağlı qanunun dövlət qulluqçularının etik davranışı ilə bağlı qanundan ayrı qəbul olunmasının zərurətdən doğduğunu bildirib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.