Bakı. Etibar Məmmədov – APA. “Müsavat başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan Müsavat Partiyasının üzvləri Nizamnaməni pozduqları halda cəzalandırılacaqlar”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
G. Aslanlı bildirib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunan Müsavat Partiyasının üzvləri hər hansı Nizamnamə pozuntusuna yol verəcəklərsə, bunlar partiya rəhbərliyi tərəfindən araşdırılacaq və Nizamnaməyə uyğun tədbir görüləcək: “Orada təmsil olunanların əksəriyyəti Müsavat Partiyasından çıxarılmış və ya istefa vermiş şəxslərdir. Ancaq hazırda partiya üzvü olan şəxslər də var ki, onlar Nizamnamə pozuntusuna yol verəcəklərsə, cəzalandırılacaqlar”.
ADR-in Təşkilat Komitəsinin üzvü, Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə APA-ya açıqlamasında bildirib ki, ADR ictimai hərəkat olduğu üçün həm orada, həm də Müsavatda fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, fevralın 21-də ADR-in təsis yığıncağı keçiriləcək.