Bakı. Ramiz Mikayıloğlu - APA. “Mən nəinki tanınmış müsavatçı Qubad İbadoğlunun, hətta ayda bir dəfə partiya qərargahına gəlməyən sıravi müsavatçının belə partiyadan çıxarılmasının qəti əleyhdarıyam. Çünki indiki həssas zamanda, qurultaydan 4 ay keçən bir dövrdə hələ də cəmiyyətin və iqtidarın nəzərində olan partiyadan bu cür xaricedilmələr, istefalar bizə başucalığı gətirmir”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Başxanım Abbaslı deyib.
B. Abbaslı bildirib ki, Q. İbadoğlu kimi böyük bir iqtisadçının, böyük bir alimin Müsavat Partiyasından getməsinin tərəfdarı olmayıb: “Ona görə də mən dünən Divanın iclasında Qubad İbadoğlunu müdafiə etdim və onun partiyadan çıxarılmasının əleyhinə səs verdim”.
Qeyd edək ki, Müsavat Partiyası adından yayılan rəsmi məlumatda Q. İbadoğlunun partiyadan çıxarılması ilə bağlı Divanda keçirilən səsvermədə Divan üzvlərindən 12-nin bu qərarın lehinə səs verdiyi, 1 nəfərin isə bitərəf qaldığı əksini tapıb. Bu məsələyə aydınlıq gətirən B. Abbaslının sözlərinə görə, Divanın iclasında 3 dəfə çıxış edərək Q. İbadoğlunun partiyadan çıxarılmasının əleyhinə olduğunu açıqlayıb: “Birinci çıxışım hələ Qubad İbadoğlu Divana dəvət edilməzdən əvvəl olub, Qubad İbadoğlu Divanın iclasını tərk etdikdən sonra da iki dəfə çıxış etmişəm. Mən Qubad İbadoğlunun istəyinə uyğun olaraq Divanın iclasında videoçəkiliş aparılmasına icazə verilməsini zəruri saymışam. Ancaq Divanın digər üzvləri dedilər ki, onların da videoçəkilişin aparılmasını istəməmək hüquqları var. Səs çoxluğu onların tərəfindən olduğu üçün təkləndim. Mənim çıxışlarımdan da aydın görünürdü ki, Qubad İbadoğlunun partiyadan çıxarılmasının əleyhinəyəm. Qərar səsverməyə çıxarılarkən lehinə, əleyhinə və bitərəf qalanlarla bağlı səsvermə tez-tez keçirildi, ola bilər ki, səsvermə zamanı əlimi qaldırarkən gecikmişəm, bitərəfə düşüb və protokolda da elə qeyd olunub. Mən heç kimin 103 yaşlı Müsavat Partiyasından çıxarılmasını istəmirəm, Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin partiyasıdır. Belə bir partiyadan kimlərinsə çıxarılması nə Müsavat Partiyasına, nə Müsavat Partiyasının üzvlərinə, nə də Müsavat Partiyasının rəhbərliyinə başucalığı gətirməz”.