Bakı. Etibar Məmmədov – APA. “Bu il keçiriləcək parlament seçkilərində iştirak edəcəyəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verən partiya sədrinin sabiq müavini Razi Nurullayev deyib.
R. Nurullayev partiya sədri Əli Kərimli ilə görüşünün detallarını açıqlayıb: “Əli Kərimlinin dəvəti ilə onunla görüşmüşəm. Təbii ki, görüşdə o, məni müavinlikdən uzaqlaşdırmaq istədiyini deyib. Bizim açıq söhbətimiz oldu. Mən ona bu cür siyasətin uğur gətirməyəcəyini dedim. Ondan 2015-ci ildən sonra taleyinin nə olacağını soruşdum. Mən düşünmürəm ki, onun apardığı siyasət AXCP-ni harasa qədər apara bilər. Əli Kərimlinin siyasəti tamamilə yanlışdır, hər kəsdən qurban kimi istifadə olunur. Bütün insanlar portağal kimi sıxılır və sonra atılır. Bu gün bizim qurban verməyə əsasımız yoxdur. Mən düşünmürəm ki, biz ancaq sədrin təbliğatı ilə məşğul olmalıyıq. O, şəxsi hissləri ilə partiyanı idarə edir. Cəbhəçilərin də söz imkanı olmalıdır, amma bu imkanlar yoxdur. Mən təbii ki, orada qala bilməyəcəkdim və istefa verdiyimə peşman da deyiləm. Xalqa nəticə lazımdır. Əli Kərimli xalqa nəticəni verə bilməyib və ona görə də xalq Əli Kərimlidən uzaq düşüb. Bu baxımdan partiyada yeni insanlara yer verilməlidir”.
R. Nurullayev bundan sonrakı fəaliyyəti barədə yaxın günlərdə açıqlama verəcəyini söyləyib və bu il keçiriləcək parlament seçkilərində iştirak edəcəyini vurğulayıb.