APA görüşdə iştirak edən siyasi partiya rəhbərlərinin bu fakta münasibətini öyrənib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib ki, o, görüşü yüksək qiymətləndirir: "Biz bundan sonra iki ayda bir dəfə belə tədbirlərin keçirilməsini qərarlaşdırdıq. Müsbət cəhətlərdən də biri o idi ki, bu görüşdə ölkə həyatında fəal iştirak edən partiyalar var idi. Gələcək görüşlərdə isə əvvəlcədən gündəlik tərtib olunaraq konkret məsələlər müzakirə olunacaq".
Q. Həsənquliyev deyib ki, görüşdə seçki, Dağlıq Qarabağ məsələsi ilə bağlı geniş müzakirələr olub: "Bu görüşlər ölkədə demokratiyanın inkişafına, iqtidar-müxalifət münasibətlərinin normal məcrada inkişafına ciddi dəstək olacaq".
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu görüşü müsbət qiymətləndirib: “İlk görüşdən fərqli olaraq, bu dəfə toplantıya qatılan partiyaların da sayı artmışdı. Razılıq əldə olundu ki, siyasi fəallıq göstərən digər partiyalar da növbəti görüşə dəvət ediləcək. Görüş fikrimcə, normal keçdi və yəqin ki, nəticələrini də yaşayıb görəcəyik. Bütün məsələlərlə bağlı müzakirələr aparılıb, hər kəs öz fikrini deyib. Bu baxımdan hesab edirəm ki, bu görüş müsbətə doğru atılan addımdır”.
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib ki, indiki vəziyyətdə belə bir görüşün baş tutması müsbət haldır: “Bu görüş cəmiyyət həyatında ciddi bir dəyişiklik yaradan hadisə olduğuna görə, müsbət qarşılayıram. Qaldırılan məsələlərlə bağlı müsbət bir nəticənin olacağına ümid edirik. Çünki əks halda, ümidsiz hər hansı bir problemin həlli yoxdur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, parlament seçkiləri yaxınlaşdıqca, tərəflərin bir-birindən uzaqlaşdığı bir vaxtda bir masa arxasında əyləşərək problemləri danışmaq özlüyündə kifayət qədər pozitiv bir hadisədir: “Demirəm ki, hər şey həll olunacaq. Amma məsələ budur ki, danışmamağın, müzakirə etməməyin yolu radikallıqdır. Ən azı cəmiyyət bundan çəkinərək, masa arxasında problemləri həll etmək düşüncəsində olur. Ona görə də hesab edirəm ki, bu, yaxşı hadisədir. Qalan məsələlərin həlli isə iqtidarın iradəsindən asılıdır”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağrzadə isə qeyd edib ki, əvvəllər iqtidar-müxalifət dialoqunun baş tutmasına beynəlxalq təşkilatlar təşəbbüs göstərirdilər, indi isə belə bir təşəbbüsün hakimiyyət tərəfindən gəlməsi çox təqdirəlayiq bir haldır: “Əsas odur ki, Azərbaycanda siyasi partiyalar sistemi təkmilləşdirilsin. Hazırda siyasi partiyaların durumu pisdir və dövlət onların vəziyyəti ilə yaxından tanış olmalıdır. Elə bir şəffaf şərait yaradılmalıdır ki, seçkilərdə qalib və məğlub tərəflər bir-birini qəbul edə bilsin”.