Bank Of Baku

Fənər Rum Patriarxı Varfolomey: “Azərbaycan dinlərarası dialoq və tolerantlıq baxımından örnək ölkələrdəndir” - FOTO

Fənər Rum Patriarxı Varfolomey: “Azərbaycan dinlərarası dialoq və tolerantlıq baxımından örnək ölkələrdəndir” - <span style="color: red;">FOTO
# 04 fevral 2014 13:22 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə İstanbuldakı Fənər Rum Patriarxiyasında Patriarx Varfolomey ilə görüşüb.

 

APA-nın məlumatına görə, görüşdə Azərbaycandakı dini azlıq icmalarının liderləri də iştirak edib.

 

Fənər Rum Patriarxı Varfolomey görüş təklifini qəbul etdiyinə görə A.Paşazadəyə minnətdarlıq edib. Qloballaşan dünyada dinlərarası dialoqun və tolerantlığın önəminə diqqəti cəlb edən Varfolomey bu sahədə Azərbaycanın örnək ölkələrdən biri olduğunu vurğulayıb: “Mərhum Heydər Əliyevlə görüşlərimiz mənim üçün unudulmazdır. Bakıda olarkən kameraların önündə mərhum Əliyevin mənə “Siz çox xoş adamsınız” deməsini heç vaxt unutmaram. Prezident İlham Əliyevin bizim baş nazirimizlə yaxın dostluq əlaqələri var. Dünyanın sıxıntılı dönəmində biz daha çox bir araya gəlməli və problemləri həll etmək üçün daha mötəbər dialoq platformaları yaratmalıyıq”.

 

Görüşdə çıxış edən A.Paşazadə Azərbaycanda dini azadlığın və tolerantlığın əsasının mərhum prezident Heydər Əliyev tərəfindən  qoyulduğunu və din-dövlət münasibətləri sahəsindəki bu düzgün siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Dünya elmi cəhətdən çox daraldı, ona görə də hazırkı mərhələdə din adamları arasında daha çox əməkdaşlığa ehtiyac var. Dövlətimizin qayğısı nəticəsində bizdə dini azadlıqlar sahəsində heç bir problem yoxdur. Bəlkə də müsəlman ölkələrində mən yeganə din adamıyam ki, kilsəyə gedirdim, kilsələrimizin problemlərinin həlli üçün onlara maddi dəstək verirəm. İslam dini liderlərinin bəziləri din adından istifadə edərək öz məqsədlərinə çatmağa çalışırlar. Mən Patriarx həzrətlərindən xahiş edirəm ki, bu cür hallara da qarşı mübarizə aparsın”.

 

Fənər Rum Partiarxı Varfolomey deyib ki, Türkiyədəki dini azlıqların təmsilçiləri büdcədən dəstək almaq üçün Dini İşlər İdarəsinə müraciət ediblər. O, belə bir təklifin Ombudsmanlıq tərəfindən Fənər Rum Patriarxiyasına da gəldiyini, təklifi idarə heyətində müzakirə etdikdən sonra qərar qəbul edəcəklərini deyib.

 

APA-nın “Din-dövlət münasibətlərinin düzgün tənzimlənməsi üçün dünyəviliyin önəmi nə dərəcədədir” sualına Fənər Rum Patriarxı belə cavab verib: “Əlbəttə ki, din-dövlət münasibətlərinin düzgün tənzimlənməsində dünyəvilik çox önəmlidir. Türkiyədə dünyəvilik var və biz dövlətlə münasibətlərimizi bu prinsip əsasında qurmuşuq. Bu, bizi məmnun edir”.

 

Qeyd edək ki, A.Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfərinin məqsədi Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə fevralın 4-6-da keçiriləcək 17-ci Avrasiya İqtisadi Zirvəsində iştirak etməkdir. Vəqfin rəhbəri Akkan Suverin dəvəti əsasında həyata keçirilən səfərdə QMİ sədri ilə bərabər, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri - Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR