Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda, ümumiyyətlə, hansısa dünya ölkəsində hər şeyin mükəmməl olduğunu iddia etmirəm. Ancaq Azərbaycanda dini icmalar arasında antaqonist münasibətlər görmədim”.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü ilə bağlı mətbuat konfransında Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni deyib. O bildirib ki, Azərbaycan şimalla cənub, şərqlə qərb arasında yerləşir və dini müxtəliflik cəmiyyətin ayrılmaz hissəsidir: “Təəssüf ki, Avropanın digər hissələrində tədricən dözümsüzlük, islamofobiya, ksenofobiya halları güclənməkdədir. İqtisadi böhrandan sonra bu hallar üzə çıxmaqdadır. Biz qısamüddətli hədələr deyil, seçdiyimiz hədəflərlə uzunmüddətli yolu düşünürük. İndi isə əsas diqqət dini liderlərin üzərindədir. Dini liderlər düzgün mesajlar verməli, dözümlülüyü aşılamalıdır. Biz tədricən bunu həyata keçirəcəyik”.