Bakı. Ramiz Mikayıloğlu - APA. “Prezidentin sərəncamı ilə ayrılan 2,5 milyon manat vəsait dini icmalara yönəldiləcək. Milli-mənəvi dəyərlərin gücləndirilməsi, dini maarifləndirmə işlərinin daha yüksək səviyyəyə qaldırılması üçün dini qurumlara bu vəsaiti ayıracağıq”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurrbanlı söyləyib.
M.Qurbanlı deyib ki, Azərbaycanda 600-ə qədər dini icma var: “Bu vəsait həmin dini icmalara bu istiqamətdə təqdim etdikləri layihələr üzrə veriləcək. Bu sərəncam bir daha göstərir ki, dövlət-din münasibətləri prezidentin siyasətində mühüm yer tutur. Azərbaycanda dini icmalara, məscidlərə, müxtəlif dini konfessiyalara hər cür dəstək göstərilir”.
M.Qurbanlı bildirib ki, hər il qeyri-islami icmalara da vəsait ayrılıb: “Həm pravoslav, həm katolik, həm də yəhudi icması bu vəsaitləri alırdı. Prezidentin sərəncamı ilə ayrılan 2,5 milyon manatdan da qeyri-islami icmalara vəsait ayrılacaq. Yeri gəlmişkən, mən dünən sinaqoqda oldum, yəhudi icmasının nümayəndələri ilə görüşdük. Onlar da bu cür yardımlara görə prezidentə təşəkkür etdilər. Bildirdirdilər ki, dünyanın heç yerində Azərbaycandakı qədər tolerantlıq, dövlətin dini qurumlara bu cür dəstəyi yoxdur”.