Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 8 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurum sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, dövlət tərəfindən yalnız İslam deyil, qeyri-islam təmayüllü dini icmalara da maliyyə vəsaiti ayrılır, bu da Azərbaycan xalqının dərin tarixi köklərə malik multikultural dəyərlərindən qaynaqlanır. O, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.
Qeyd edək ki, prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 104 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 85-i isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.