Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda fəaliyyət göstərən təxminən 300-ə yaxın məsciddən 2-si statusa malikdir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi (GMİ) Hacı Ramin İgidov bildirib.
Onun sözlərinə görə, dövlət qeydiyyatından keçən Acarıstanın mərkəzi məscidi və Tiflisdəki Cümə məscidi statusa malikdir.
Ramin İgidov artıq bölgələrdə fəaliyyət göstərən məscidlərin fəaliyyəti ilə tanış olmaq üçün yerlərə səfər etdiklərini bildirib: “İndiyədək müsəlmanlar yaşayan Kvareli, Axmeta, Telavi, Laqodexi, Saqareco, Şida Kartli və Kvemo-Kartli (Borçalı) bölgələrindəki məscidlərə baxış keçirdik. Borçalıda fəaliyyət göstərən 70-dək məsciddən heç biri statusa malik deyil. Bu məscidlərdən 5-nin uçmaq təhlükəsi var. Bizə Gürcüstan hökuməti maliyyə vəsaiti ayırıb. Amma hələlik bizdə bu vəsaitin hara xərclənəcəyi barədə məlumat yoxdur. Amma onu bilirəm ki, biz məscidlərin illik xərcini, işıq pulunu, təmir xərclərini, axund və imamların maaşlarını verəcəyik. Əsas məqsədimiz odur ki, məscidləri dövlət qeydiyyatından keçirək və onlara məscid statusu verilsin. Hazırda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə bəzi məscidlər “Ağsaqqal Evi”, “İbadət Evi”, “Ziyarət Evi” adı altında fəaliyyət göstərir. Məscidlərimiz statusla təmin olunarsa, gələcəkdə onların uçmaq təhlükəsi aradan qalxacaq və hansı nazirliyin nəzdində fəaliyyət göstərəcəyi müəyyən ediləcək. Ancaq məscidlərin idarə edilməsi GMİ-yə həvalə olunacaq.”
R.İgidov Gürcüstan hökuməti qarşısında yeni məscid tikintisi məsələsini də qaldıracaqlarını bildirib: “Ola bilər ki, hökumət gələcəkdə bir məscidin tikintisini müsəlmanlara hədiyyə etsin. Hazırda 200 ailə yaşayan Birlik və Vaxtanqisi kəndlərində məscid yoxdur. Gələcəkdə müsəlmanların xahişi ilə biz bu kəndlərdə məscid tikilməsi məsələsini də qaldıracağıq”.