Bakı. Anaxanım Hidayətova - APA. “Dinin insanların həyatına çox böyük təsiri var. Mənim ölkəmdə cəmiyyətdəki multikulturalizmlə fəxr edirik. Birləşmiş Krallıqda müxtəlif ölkələrdən gələn insanların bir yerdə yaşamasını nümunə gətirmək istəyirəm”.
APA-nın xəbərinə görə, bunu ATƏT-in Bakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkil etdiyi “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” adlı beynəlxalq konfransda çıxışı zamanı Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya müxtəliflikdən daha güclü bir cəmiyyət nümunəsi yaratmaq üçün istifadə edib: “Bu gün Londonda məscid, sinaqoq, kilsələr mövcuddur və bu, dünyanı daha yaxşı başa düşmək üçün bir fürsətdir. Bu mövzuda acıq dialoqun yaradılması vacibdir. Dini dözümlülüyün təşviq olunması mübarizənin bir hissəsidir. Biz qarşımızdakını anlamalı, hörmət yaratmalı, dinlər arasında sektaçılıqla mübarizə aparmalıyıq”.