Bakı. Hafiz Heydərov – APA. İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Komitədən APA-ya verilən məlumata görə, iclasda dövlət komitəsinin sədri Mübariz Qurbanlı hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, Komitə cari ilin birinci yarısında vəzifəsindən irəli gələn funksiyaların həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib, mövcud qanunvericiliyi, prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutub, milli və dövlətçilik maraqlarının qorunmasını prioritet hesab edib. Hesabat dövrü fəaliyyətimizdə effektivliyin və operativliyin artırılması, eləcə də dövlət-din münasibətlərinin daha səmərəli təşkilinin təmin edilməsi məqsədilə Komitədə aparılmış struktur dəyişikliyi ilə yadda qalıb. Belə ki, Dövlət Komitəsinin Əsasnaməsinə edilmiş dəyişikliyə uyğun olaraq, əvvəlki 9 bölgə şöbəsinin əsasında müvafiq dislokasiyalar üzrə yeni 15 bölgə şöbəsi, Komitənin mərkəzi aparatında 3 şöbə və 3 sektor yaradılıb. Eyni zamanda, Komitənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində zəruri işlər görülüb.
Qeyd edilib ki, hesabat dövründə Komitənin fəaliyyət sahələrinə uyğun olaraq çoxsaylı tədbirlər həyata keçirilib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin fəaliyyətinin aşkarlanması, dini obyektlərin tikintisi barədə məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin araşdırılması və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.
Vurğulanıb ki, Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Nazirlər Kabinetinin müvafiq tapşırıq və tövsiyələrini nəzərə almaqla işini günün tələblərinə uyğun qurub, aidiyyəti dövlət qurumları ilə əlaqəli fəaliyyət göstərib. Həyata keçirilmiş birgə tədbirlər nəticəsində ölkədə dini radikalizmlə mübarizə, qeyri-qanuni ibadət yerlərinin fəaliyyətinin dayandırılması, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən, eləcə də ölkəyə qeyri-qanuni idxal edilmiş dini təyinatlı ədəbiyyat və məmulatların satışının qarşısının alınması istiqamətində ciddi uğurlar əldə edilib. Ölkəyə qeyri-qanuni idxal olunmuş və ya respublika ərazisində istehsal edilən, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən ədəbiyyat və məmulatların satışının qarşısının alınması məqsədilə də mütəmadi tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında iştirak edən idmançıların və digər qonaqların dini tələbatının ödənilməsi məqsədilə Olimpiya Kəndinə müxtəlif dini konfessiyalardan din xadimlərinin cəlb edilməsi istiqamətində işlər uğurla həyata keçirilib. Həmin din xadimləri Dövlət Komitəsindən olan nümayəndələrin rəhbərliyi altında Olimpiya Kəndində olub, iştirakçıların dini ayinlərinin həyata keçirilməsi ilə bağlı tələbatları yüksək səviyyədə ödənilib.
Bildirilib ki, hesabat dövründə xarici əlaqələr sahəsində işlər davam etdirilib, Komitə tərəfindən ölkəmizin tolerantlıq, dinc birgəyaşayış təcrübəsinin yayılması, müttəfiq ölkələrlə radikal dini qruplara və təriqətlərə qarşı birgə mübarizə aparılması, Ermənistanın təcavüzkarlıq siyasətinin pislənilməsi məqsədilə təbliğat xarakterli tədbirlər planlı şəkildə həyata keçirilib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxış edib. O bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında 209 məscid, 16 dini icma fəaliyyət göstərir. V. Babayevin sözlərinə görə, qeydiyyatdan keçmiş 638 din xadiminə hər biri iki dəstdən ibarət yay və qış geyim forması pulsuz olaraq verilib, onların dini sahədə biliklərinin artırılması məqsədilə Naxçıvan şəhərində və rayonlarda təkmilləşmə kursları təşkil olunub.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında dini bayramlar, ayinlər və yas mərasimlərinin milli mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunub, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə bölgələrdə maarifləndirmə işləri aparılıb.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev isə çıxışı zamanı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. “Əsas məsələ məscidlərdə, dini müəssisələrdə ümumi maarifçilik prinsiplərinin qoyulmasıdır. Ümumi maarifçilik bu gün bizim dindarlarımıza da, məscid əhlimizə də lazımdır. Məscidlərdə təkcə dini kitab yox, dünyəvi kitablar da olmalıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə bu istiqamətdə iş aparmaq, məscidləri mütəmadi olaraq dünyəvi kitablarla zənginləşdirmək olar. Məscidlərdə böyük klassiklərimizin əsərləri olmalıdır”.
Din xadimlərinin, xüsusilə gənc din xadimlərinin qruplar şəklində xaricə səfərlərə göndərilməsinin önəmini qeyd edən K. Abdullayev bildirib ki, bu cür elmi və dini səfərlərin təşkil edilməsi onların dünya dinləri haqqında təsəvvürlərini, biliklərini artırar.
Dövlət müşaviri radikalizmlə, zərərli dini ədəbiyyatla ciddi mübarizə aparıldığını da diqqətə çatdırıb. O əlavə edib ki, bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir. Dövlət müşaviri ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içərisində yaşadıqlarını deyib. O, Azərbaycanda məscidlərlə yanaşı, çoxlu sayda kilsə və sinaqoqların normal fəaliyyət göstərdiyini vurğulayıb.