Bakı. Ramız Mikayıloğlu – APA. “Biz istəsək də, istəməsək də, zamanla ayaqlaşmalıyıq”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli deyib.
Hacı Sabir bildirib ki, ölkənin siyasi və iqtisadi həyatı, dini yeniliklərlə bağlı məsələlərin mühazirələr sırasına salınması çox önəmli idi və təkmilləşdirmə kursunda belə mühazirələrə yer veriləcək: “Burada qadın mollalar haqqında söz getdi. Qızlarımızın bir hissəsi qadın məclislərinə gedir. Tələbələrimizdən biri olmuş Sevinc adlı bir xanım hazırda qadın məclislərinin məşhur aparıcısıdır. Bundan sonra da qadın mollalar məsələsini diqqətdə saxlayacağıq”.
Hacı Sabir qeyd edib ki, bəzən hərbi komissarlarla problemləri olur: “Bakıda bir hərbi komissar tələbəmizə hərbi çağırışdan möhlət vermir. Qanuna görə, ali dini təhsil alanlarla ali təhsil alanlar eyni statusdadır. Qanunun nüsxəsini ona göndəririk, baxmır. Digər tərəfdən, niyə 2009-cu ilə qədər verdiyimiz diplomlar tanınmır? Bir tələbəmiz müdafiə edib, amma Ali Attestasiya Şurasından keçmir, deyirlər ki, diplomlarınız 2009-cu ildən əvvəl verilib. İnanıram ki, Bakı İslam Universitetinin problemləri həllini tapacaq”.