Bakı. Mübariz Aslanov - APA. İsmayıllıda “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda iki günlük konfrans işə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA - ya verilən məlumata görə, konfransda öncə “Əbədi işığın abidəsi” sənədli filmi nümayiş olunub.
Daha sonra çıxış edən komitə sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırıb. E. İsgəndərov bildirib ki, dövlət başçısının qayğısı nəticəsində son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Daha sonra DQİDK tərəfindən son vaxtlarda radikal dini cərəyanlar və hərəkətlərin qarşısının alınması istiqamətində həyata keçirilmiş işlər haqqında məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə son üç ayda 10-dan çox qısamüddətli təlim kursları keçirilib, 10-a yaxın ədəbiyyat nəşr edilib, bir sıra dini icmaların yenidən dövlət qeydiyyatına dəstək verilib, icmaların nizamnamələrinin qanunvericiliyə uyğunluğunun yoxlanması işlərinin mexanizmi hazırlanıb və tətbiq edilib.
Daha sonra çıxış edən Prezident Administrasiyasının Millətlərarası, multukultiralizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin nümayəndəsi Müzəffər Talıblı Prezident İlham Əliyev tərəfindən yaradılmış yeni Dövlət müşavirliyi xidmətinin adıçəkilən sahəyə qarşı daha yüksək diqqət və qayğının bariz nümunəsi adlandırıb. Deputat Novruz Aslan isə çıxışında belə bir tədbirin təşkilinə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıb. QMİ sədrinin müavini Fuad Nurullayev isə çıxışında ölkəmizdə bütün dinlərə yaradılan şəraitdən danışıb və vurğulayıb ki, bu gün dindarların üzərində olan əsas məsuliyyətlərdən biri də inkişaf edən Azərbaycanın çiçəklənməsinə öz töhfələrini verməkdir. Konfrans çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan dövlət qeydiyyatına alınmış 5 icmaya şəhadətnamələr təqdim edilib. Konfrans öz işini “Milli-mənəvi dəyərlərimizə baxış: tarixilik və müasirlik”, “Dini radikalizm və onunla mübarizə üsulları”, “Din xadimlərinin fəaliyyət perspektivləri”, “Azərbaycanda dövlət-din münasibətləri və dini icmalar”, “Cəmiyyətin inkişafı və dini dəyərlər” panelləri üzrə davam etdirib.