Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşavirliyi xidmətinin komissiyaları fəaliyyət göstərəcək. APA-nın xəbərinə görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Bakı Slavyan Universitetində Azərbaycandakı milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri ilə keçirilən görüşdə deyib ki, artıq bu istiqamətdə işlər başlanıb.
Bu heyətdə görüşün uzun zamandır olmadığını bildirən K. Abdulla qeyd edib ki, bundan sonra tez-tez görüşlər keçiriləcək, proqram və layihələr birgə müzakirə ediləcək: “Hər hansı icmanın problemi təkcə onun deyil, hamımızın problemidir və hamımızı düşündürməlidir”.
K. Abdullanın sözlərinə görə, işlər 3 istiqamətdə qurulmalıdır: Azərbaycan dövlətinə tam sədaqətli şəkildə xidmət etmək, bütün məsələlərdə eyni istiqamətə baxan insanlar kimi fəaliyyət göstərmək və dövlətçilik naminə qarşıya qoyulan vəzifələri həll etmək: “Qarşıya qoyulan əsas məqsəd dövlətçiliyi qorumaqdır. Dövlətçiliyimizi qorumaq ailəmizi, dinimizi, icmamızı yad təsirlərdən qorumaq deməkdir”.