Bakı. Cavid Zeynallı – APA. “Dünyada böyük gərginliyin müşahidə edildiyi vaxtda Bakı Humanitar Forumunun keçirilməsinin böyük əhəmiyyəti var”.
APA-nın məlumatına görə, bunu Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı V Bakı Humanitar Forumu çərçivəsində keçirilən “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda keçirilən tədbirdə deyib.
Komitə sədri bildirib ki, dünyada 80-ə yaxın münaqişə ocaqları var. Həmin münaqişələrin 30-da hər gün insanlar həlak olur. Statistik məlumatlara görə, bu münaqişələrdə həlak olanların sayı 2,5 milyon nəfəri ötüb: “Bu münaqişələrin çoxu dini məzhəblər arasında olan toqquşmalardır. Bu cür münaqişələrə yol verməmək, onları aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan alimlərin, din adamlarının bir araya gələrək bu problemdən necə çıxmaq haqqında fikir mübadiləsi aparmağına böyük ehtiyac var. Lokal toqquşmalar dünyanı böyük fəlakətə gətirib çıxara bilər. Azərbaycan prezidenti cənab İlham Əliyev forumun açılışında dərin elmi məzmunu olan çıxış etdi və bildirdi ki, dünyada multikulturalizmin alternativi yoxdur. Varsa, bu ksenofobiya, islamafobiya, antisemitizmdir. Biz buna yol verməmək üçün tolerant dəyərləri geniş şəkildə təşviq və təbliğ etməliyik”.
M. Qurbanlı əlavə edib ki, bu sahədə Azərbaycan nümunə və örnək rolunu oynayan ölkələrdəndir: “Azərbaycanda bütün dinlər və məzhəblər dinc və sülh şəraitində yaşaya bilir. Deməli, bunu yaymaq, təbliğ etmək mümkündür. Bunu yaymaq üçün isə bu cür forumların böyük rolu var. Bu forum yalnız multikultural, tolerant dəyərləri həll etmir. Bu, Bakı prosesidir, bu proses davamlı olacaq”.