Bakı. Ramiz Mikayıloğlu - APA. “Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda islam dini dəyərlərinin qorunmasında sovetlər dövründə böyük işlər görüb, dini dəyərlərimiz qorunaraq saxlanılıb”.
APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, müstəqillik dövründə dövlət-din münasibətləri sahəsində Azərbaycan modeli yaradılıb. O qeyd edib ki, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli dövlətdir: “Ölkəmizdə müxtəlif konfessiyalar və dini icmalar harmoniyadadır. Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşasına şərait yaradılması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Təkcə bir faktı qeyd edək ki, sovetlər zamanı ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, indi bu rəqəm 2100-ə çatıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə minlərlə məscid tikilib və əsaslı bərpa olunub. Bu proses indi də davam etməkdədir”.
M. Qurbanlı qeyd edib ki, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdər bəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb: “Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, Gəncə şəhər İmamzadə ziyarətgahında bərpa işləri başa çatdırılıb və bu il kompleks istifadəyə verilib. Bakının Binəqədi rayonunda ölkənin və Qafqazın ən böyük məscidi - Heydər məscidi inşa olunub. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən tarixi məscid və ziyarətgahlar - Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Şüvəlan qəsəbəsi Heydər məscidi, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri, Qəbələ şəhərində yeni məscid inşa və ya əsaslı təmir olunub. Hazırda ölkədə məscidlərlə yanaşı, 748 pir və ziyarətgah, 13 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ötən müddət ərzində Azərbaycan dövlətinin, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində tarixi kilsə və sinaqoqlar da təmir olunub, yeniləri inşa edilib. Bakı şəhərində Katolik kilsəsinin və dağ yəhudiləri üçün sinaqoqun inşası, Jen Mironosets Baş Kafedral kilsəsinin, Lüteran məbədinin, Qəbələ rayonu, Nic qəsəbəsində Alban kilsəsinin bərpası və yenidən qurulması buna bariz nümunədir”.
Hazırda Dövlət Komitəsinin 15-i yerlərdə, 9-u Bakıda olmaqla, 24 şöbəsinin olduğunu nəzərə çatdıran M. Qurbanlı qeyd edib ki, Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə dini radikalizmə qarşı mübarizə aparır.