Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Avropa Şurasında öz nümayəndəliyini açmaq istəyir. APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda səfərdə olan Avropa Şurası baş katibinin müavini, xanım Qabriela Battani-Draqoni ilə görüşdə bu barədə təklif irəli sürüb.
Şeyxülislam deyib ki, Avropa Şurasında bir çox qurumların nümayəndəliyi təmsil olunur və Qafqaz müsəlmanları da Avropa Şurasında təmsil olunmaq arzusundadır: “Qafqaz müsəlmanlarının bu idarəsi regionun əsas coğrafiyasını və bir neçə dövlətini əhatə edir. Amma biz Avropa Şurasında təmsil olunmuruq. Ona görə də mən Qafqaz müsəlmanlarının Avropa Şurasında nümayəndəlik açılması arzusunu sizə çatdırıram”.
Qabriela Battani-Draqoni təklifini məmnunluqla qarşılayıb: “Bu, çox yaxşı təklifdir və buna aid nümunələr çoxdur. Şübhəsiz ki, biz buna baxacağıq”.