APA-nın məlumatına görə, Şeyxülislam bildirib ki, bu məsələ ilə bağlı fətva əmr deyil, tövsiyə xarakterlidir və əgər kimsə yenə özünü zəncirlə döyürsə, ona zorla müdaxilə edə bilməzlər.
Şeyx qeyd edib ki, fətvasında zəncir vurmanın düzgün olmamasını insanlara tövsiyə ilə çatdırıb, etməmələrini məsləhət görüb: “Bizim borcumuz bununla bağlı maarifləndirmə işi aparmaq, zəncir vurmanın dini baxımdan məqbul olmadığını izah etməkdir. Amma biz bunu yalnız tövsiyə edə bilərik. Onu da başa düşürük ki, belə halı birdəfəlik yığışdırmaq mümkün deyil. Yəqin ki, zaman keçdikcə bu istiqamətdə də müsbət nəticələrə nail olacağıq".
Qeyd edək ki, Aşura günü ilə bağlı QMİ-nin fətvasında taziyə məclislərində zəncir vurmanın məqbul sayılmamasına baxmayaraq, bu gün Təzəpir məscidində qeyd olunan Aşura mərasimində xeyli insan zəncir vurma mərasiminə qatılıb.