Azərbaycanda himayədar ailələrin yeni maliyyələşmə mexanizmi hazırlanır

Azərbaycanda himayədar ailələrin yeni maliyyələşmə mexanizmi hazırlanır
# 23 oktyabr 2013 14:41 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, maliyyələşmə mexanizmi müəyyənləşdikdən sonra uşaqların himayədar ailələrə verilməsi prosesi həyata keçiriləcək. Himayədar ailələrə seçim zamanı qoyulan tələblər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 144-cü maddəsinə əsasən aparılacaq. Ailə Məcəlləsinin 142-ci maddəsinə əsasən, himayədar ailə uşağı tərbiyə olunmaq üçün vermə müqaviləsi əsasında yaranır. Bu müqavilə qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün ailəyə götürmək arzusunda olan ər-arvad və ya ayrı-ayrı vətəndaşlar) arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər.

Təhsil Nazirliyindən bildirilib ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın xərclər smetasında uşaqların qaytarıldığı ailələrə maliyyə yardımının verilməsi ilə bağlı vəsait nəzərdə tutulmayıb. Himayədar ailələrə uşağın saxlanması üçün maliyyə vəsaiti verilməlidir. Himayədar (foster) qayğı uşağın ailə mühitində tərbiyə olunmaq üçün müəyyən müddətə müqavilə əsasında himayədar ailəyə verilməsidir. Himayədar qayğı müxtəlif səbəblər üzündən valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən müvəqqəti qayğı növüdür. Xəzər rayonu ərazisindəki müəssisələrdə yaşayan uşaqlar içərisindən himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilib. Rayon ərazisində aparılmış təbliğat kampaniyası nəticəsində himayədar ailə olmaq istəyən 50-dən artıq namizəd ailənin qeydiyyatı aparılıb. Aparılmış maliyyə təhlilinə əsasən, himayədar ailəyə uşağın saxlanması üçün ayda 120 manat, qayğının göstərilməsi müqabilində isə 50 manat həcmində əmək haqqı verilməsi ilə bağlı təklif irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR