İndoneziya İran vətəndaşlarına viza verilməsi prosedurunu çətinləşdirib

İndoneziya İran vətəndaşlarına viza verilməsi prosedurunu çətinləşdirib
# 22 iyul 2013 14:26 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İndoneziya hökuməti İran vətəndaşlarına viza verilməsi prosedurunu çətinləşdirib. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İranın İndoneziyadakı səfiri Məhəmməd Fərazəndə bildirib ki, artıq bu ölkənin hava limanlarında İran vətəndaşlarına viza verilməyəcək. Onun sözlərinə görə, İran vətəndaşları yalnız gələn aydan etibarən İndoneziyanın Tehrandakı səfirliyindən viza ala bilərlər: “Bu addım insan alverinin və sığınacaq axtaranların dənizlərdə həlak olmasının qarşısını almaq üçün atılıb. Rəsmi Cakarta İranı vətəndaşlarının İndoneziyaya turist kimi səfər edəcək ölkələrin siyahısından çıxarmaq qərarına gəlib”.

Qeyd edək ki, İndoneziya hökuməti İran vətəndaşlarına 2005-ci ildən etibarən özünün beynəlxalq hava limanlarında viza verirdi. Ancaq rəsmi Cakarta İran vətəndaşlarının İndoneziya ərazisindən istifadə edərək Avstraliyaya qanunsuz mühacirətə getmək cəhdlərinin qarşısını almaq üçün belə bir addım atıb. İndoneziya hökuməti iranlılara viza verilməsi prosesinin çətinləşdirilməsi haqda qərarı Avstraliyanın baş naziri Kevin Radın xahişindən sonra qəbul edib. Avstraliya hökuməti bildirib ki, bu ilin yanvar ayından 15 min 610 qaçqın qanunsuz yollarla ölkəyə gəlib və onların 5 min 541 nəfəri iranlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR