İranda güclü zəlzələ baş verib

İranda güclü zəlzələ baş verib
# 09 may 2013 15:01 (UTC +04:00)

APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakət İranın Hörmüzqan vilayətində yerli vaxtla saat 12:31-də (Bakı vaxtı ilə 13:01-də) meydana gəlib.

5 bal gücündə olan zəlzələnin episentri Bəndər Cask şəhəri olub və yerin 10 kilometr dərinliyində baş verib. Təbii fəlakət Bəndər Caskdan 76 km, Minabdan 108 km, Manucandan 122 km və Tehrandan 1199 km uzaqlıqda qeydə alınıb.

İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan təbii fəlakət bölgəsinə xilasedici dəstə göndərildiyini, tələfat və dağıntı baş vermədiyini, sadəcə bəzi kənd evlərində çatların əmələ gəldiyini bildirib.

Bundan əlavə, mayın 9-da günorta saatlarında İran Hörmüzqan vilayətində daha bir zəlzələ baş verib. Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi məlumatına görə, təbii fəlakət yerli vaxtla saat 13:20-də (Bakı vaxtı ilə 13:50-də) meydana gəlib. 4.0 bal gücündə olan zəlzələnin episentri bu dəfə Minab şəhəri olub və yerin 30 kilometr dərinliyində baş verib. Təbii fəlakət Minabdan 82 km, Bəndər Caskdan 100 km, Manucandan 100 km və Tehrandan 1173 km uzaqlıqda baş verib. Tələfat və dağıntılar barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, bu gün səhər saatlarında da İranda zəlzələ baş verib. Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi məlumatına görə, təbii fəlakət İranın Buşəhr vilayətində yerli vaxtla saat 07:59-da (Bakı vaxtı ilə 08:29-da) meydana gəlib. 4.0 bal gücündə olan zəlzələnin episentri Abdan şəhəri olub və yerin 16 kilometr dərinliyində baş verib. Tələfat və dağıntılar barədə heç bir məlumat verilməyib. Təbii fəlakət Abdandan 13 km, Kakidən 37 km, Bəndər dayərdən 38 km və Tehrandan 837 km uzaqlıqda baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR