Azərbaycan cüdoçusu beynəlxalq reytinq siyahısında birinci yerə yüksəlib

Azərbaycan cüdoçusu beynəlxalq reytinq siyahısında birinci yerə yüksəlib
# 05 sentyabr 2013 11:47 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb. Burada isə təmsilçilərimizin Braziliyada keçirilən mundialda ilk görüşdəcə məğlub olmaması öz rolunu oynayıb.


Belə ki, Peter Zayzenbaherin başçılıq etdiyi komandada dünya çempionatının qızıl medalını qazanan Elxan Məmmədov (100 kq) öz çəkisində liderə yüksəlib. Adını Azərbaycan tarixinə yazdıran 31 yaşlı cüdoçu 2376 xalla ikinci yerdə qərarlaşan və mundialın finalında məğlub etdiyi Henk Qrolu (Hollandiya) nə az, nə çox 446 xal qabaqlayır. Ondan əlavə, yarışın bürünc medalına sahib olan Orxan Səfərov (60 kq) da mövqeyini yaxşılaşdırıb. Perspektivli idmançımız 22-ci yerə qalxıb.

Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 2, Nicat Şıxəlizadə (66 kq) 4, Tural Səfquliyev (81 kq) 1, Şahin Qəhrəmanov (90 kq) 3 və Kifayət Qasımova (57 kq) 8 pillə irəliləyiblər. Onlar müvafiq olaraq, 13-cü, 7-ci, 26-cı, 7-ci və 16-cı yerlərə yüksəliblər. Onlardan fərqli, Elmar Qasımov (100 kq) mövqeyini qoruyaraq, 7-ci pillədə qalıb.

Təmsilçilərimizdən ən çox geriləyəni isə Ramilə Yusubova (63 kq) olub. Son vaxtlar yarışlara qatılmayan həmyerlimiz 14 rəqibini özündən irəli buraxaraq, 55-ci yerə düşüb. Elə Olimpiya çempionumuz Elnur Məmmədlinin (81 kq) də ona “çatmasına” az qalıb. Olimpiadadan sonra cüdoçu bu dəfə 6 pillə aşağı düşərək, 48-ci yerdə qərar tutub. Onlardan əlavə, 2 pillə gerilən Rüstəm Orucov (73 kq) 12-ci, 5 rəqibini irəli buraxan Tərlan Kərimov (66 kq) 34-cüdür.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR