Tiflisdə "Cənubi Qafqaz ölkələrində maarifləndirmə vasitəsilə insan alverinin riskləri haqqında biliklərin artırılması" mövzusunda konfransa yekun vurulub - FOTO

Tiflisdə "Cənubi Qafqaz ölkələrində maarifləndirmə vasitəsilə insan alverinin riskləri haqqında biliklərin artırılması" mövzusunda konfransa yekun vurulub - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 18:12 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında BMT-nin İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə iki gün davam edən regional konfransın işinə yekun vurulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, regional konfrans “Cənubi Qafqaz ölkələrində maarifləndirmə vasitəsilə insan alverinin riskləri haqqında biliklərin artırılması” mövzusunda olub.

Tədbirə Azərbaycan, Gürcüstan və Ermənistandan gələn nümayəndə heyətləri qatılıb. Konfransda Azərbaycanı 12 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib.

Konfransda Beynəlxalq Miqrasiya təşkilatının Gürcüstandakı missiyanın rəhbəri İliana Derilova, Gürcüstan elm və təhsil nazirinin müavini Lia Qiqauri, İsveç səfirliyinin Cənubi Qafqaz üzrə inkişaf və əməkdaşlıq agentliyinin regional direktoru Rudolf Şox, Azərbaycan Təhsil Nazirliyinin uşaqların müdafiəsi və institutlaşdırılması departamentinin rəhbəri Cəmilə Tağıyeva, Beynəlxalq Miqrasiya Təşkilatının proqram koordinatoru Səltənət Məmmədova və başqaları çıxış edib. Tədbirdə eyni zamanda Azərbaycan Daxili İşlər Nazirliyinin insan alveri ilə mübarizə idarəsinin nümayəndəsi Fuad Əliyev, habelə Azərbaycan QHT-lərinin rəhbərləri çıxış edib. Azərbaycanın nümayəndə heyətinin üzvləri insan alverinə qarşı mübarizədə Azərbaycanda görülən müsbət işlər haqqında ətraflı məlumat verib.

Konfransda Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizədə təhsilin rolu barədə videoçarxın təqdimatı da keçirilib. Bundan başqa tədbir iştirakçıları dövlət idarələri ilə birlikdə insan alverinə qarşı mübarizədə əldə edilən təcrübə ilə bağlı mübadilə aparıblar. Sonra işçi qruplarında sual-cavab şəkilində disskusiya təşkil olunub.

Konfransın yekununda Gürcüstan, Azərbaycan və Ermənistandakı Beynəlxalq Miqrasiya təşkilatının missiyalarının rəhbərləri çıxış edib.

Tədbirə Gürcüstan Ədliyyə Naziri, İnsan alveri ilə mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının sədri Tea Tsulukiani yekun vurub.

Gürcüstanda Beynəlxalq Miqrasiya Missiyasının proqram koodinatoru Natela Mjavanadze APA-ya açıqlamasında insan alveri ilə mübarizə proqramının artıq 5 ildir ki, Azərbaycan, Gürcüstan və Ermənistanda fəaliyyət göstərdiyini bildirib: “Bizim məqsədimiz müəllimləri, məktəbliləri və valideynləri bu mövzuda maarifləndirməkdir. Biz müəllimlər üçün BMT-nin İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri: Təhlükələr və qabaqlayıcı təşəbbüslər” adlı medodiki vəsait hazırlamışıq. Gürcü, Azərbaycan və erməni dillərində dərsliklər nəşr etdirmişik. Bu vəsait IX-XI siniflərdə bütün Cənubi Qafqaz ölkələrində tədris olunur. Biz Gürcüstanın Marneuli, Bolnisi, Dmanisi, Qardabani və Tsalka bölgələrində azərbaycanlı müəllimlərlə bu mövzuda treninqlər təşkil edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR