Elmar Məmmədyarov Fransa xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib

Elmar Məmmədyarov Fransa xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib
# 30 iyul 2012 17:54 (UTC +04:00)
Bakı-APA. Fransaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov 2012-ci il iyulun 30-da Fransa Respublikasının xarici işlər naziri Loran Fabius ilə görüş keçirib. Görüş zamanı Azərbaycan və Fransa arasındakı əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunub. Bu barədə APA Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşdə Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransa Respublikasının Prezidenti cənab Fransua Ollanda ünvanlanmış məktubunu nazir Loran Fabiusa təqdim etmiş və onun yüksək ünvana çatdırılmasını xahiş edib.

Söhbət əsnasında bu il Fransa və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd edildiyini xüsusi vurğulayan nazir E.Məmmədyarov L.Fabiusu Azərbaycana səfərə dəvət edib və bu dəvət fransız naziri tərəfindən məmnuniyyətlə qəbul edilib.

Nazir L.Fabius iki ölkə arasında siyasi, iqtisadi, enerji və humanitar sahədə əməkdaşlığın hazırkı inkişaf dinamikasından məmnunluğunu ifadə edərək Azərbaycanın Fransa üçün vacib iqtisadi tərəfdaş olduğunu vurğulayıb.

İki ölkə arasında mədəni əməkdaşlıqdan bəhs edərkən nazir Fabius Bakıda inşa edilməkdə olan fransız liseyinin ərsəyə gəlməsi üçün Azərbaycan hökuməti tərəfindən göstərilən səylərin Fransız hökuməti tərəfindən yüksək dəyərləndirildiyini bildirib və bu liseyin iki xalq arasında dostluq tellərinin daha da güclənməsinə öz vacib töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesi ətrafında müzakirələr aparılıb və nazir E.Məmmədyarov Fransanın münaqişənin həlli istiqamətində səylərini gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra nazirlər BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR