Elnur Aslanov: “Azərbaycanın coğrafi mövqeyi qonşu dövlətlərlə münasibətlərə xüsusi diqqət ayırmağı tələb edir”

Elnur Aslanov: “Azərbaycanın coğrafi mövqeyi qonşu dövlətlərlə münasibətlərə xüsusi diqqət ayırmağı tələb edir”
# 18 may 2012 16:02 (UTC +04:00)
Bakı-APA. “Həssas geosiyasi mühitdə yerləşən Azərbaycanın xarici siyasəti coğrafiya, geosiyasət və geologiyaya əsaslanır. Bu üç faktor Azərbaycanın xarici siyasətin mahiyyətini aydınlaşdırmağa imkan verir və onun prioritetlərini müəyyənləşdirir”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov İstanbulda keçirilən II Dünya Siyasət Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkənin coğrafi mövqeyi qonşu dövlətlərlə münasibətlərə xüsusi diqqət ayırmağı tələb edir. Azərbaycan-Rusiya münasibətlərinə toxunan Elnur Aslanov bildirib ki, bu münasibətlər dinamik xarakter daşıyır, bütün sahələrdə sıx əməkdaşlıq ölkələrimiz arasında strateji tərəfdaşlığı sübut edir: “Rusiya ATƏT-in Minsk Qrupunun sədri kimi son illər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv iştirak edir”.

Elnur Aslanov həmçinin qeyd edib ki, Rusiyanın Ermənistana 1 milyard dollar dəyərində silah-sursat satması regionda stabilliyi pozan əsas faktor olub: “Bu fakt Ermənistanın sülh prosesində qeyri-konstruktiv mövqe tutmasını stimullaşdırıb”.

Elnur Aslanov bildirib ki, Azərbaycan cənub qonşusu İranla münasibətlərin inkişafına da xüsusi önəm verir: “İranın öz ideoloji siyasətini davam etdirməsi, geniş dini təbliğat təşkil etməsi, nüfuzlu dini və ictimai xadimlərin bəzi sərt bəyanatları ikitərəfli münasibətlərdə anlaşılmazlıqlara gətirib çıxarıb. Azərbaycan regionda stabilliyi pozmağa qadir olan bu kimi iddiaların haradan qaynaqlandığını anlamır”.

Azərbaycanın İranla Ermənistan arasında sıx əməkdaşlıq münasibətlərinin qurulmasından narahatlıq keçirdiyini deyən PA rəsmisi bildirib ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalmaqda davam edir: “İran öz imkanlarından yararlana, Ermənistana təzyiq göstərə, bununla da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, regionda sülh və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verə bilərdi”.

Azərbaycanın etibarlı energetika tərəfdaşı olduğu Qərbin ikili standartlar siyasətinə toxunan Elnur Aslanov qeyd edib ki, Avropanın bu ikili standartları regionda sülhün bərqərar olmasına neqativ təsir göstərir: “Avropa Birliyinin ikili standartları və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinə münasibətdə qətiyyətsizlik nümayiş etdirməsi konfliktin həllini uzadır”.

Elnur Aslanov Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə hazır olduğunu dəfələrlə bəyan etdiyini xatırladıb: “Bu sahədə müxtəlif beynəlxalq təcrübələr, o cümlədən Şimali Tirol təcrübəsi nəzərdən keçirilə bilər. Bu problemin başqa həll yolları yoxdur”. O qeyd edib ki, bu münaqişənin həll olunmaması regionun inkişafına mane olur: “Erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi narkotik və silah ticarəti üçün münbit şəraitə malik “boz zona”ya çevrilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR