Bakının Xəzər rayonunun nümayəndə heyəti Polşaya səfər edib

Bakının Xəzər rayonunun nümayəndə heyəti Polşaya səfər edib
# 03 iyul 2012 22:22 (UTC +04:00)
Bak-APA. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Polşanın Pruşkuv rayonunun Nadajın qəsəbələrinin qardaşlaşması məqsədi ilə Azərbaycandan 9 nəfərlik nümayəndə heyəti Polşaya səfər edib.
Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, Xəzər rayonunun İcra başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti Nadajın qəsəbəsinə səfər çərçivəsində bir sıra görüşlər keçiriblər.
Xəzər rayonu təmsil edən nümayəndə heyəti Nadajın qəsəbəsində yerləşən İoan Pavel II adını daşıyan gimnaziya ilə tanış olublar. Qonaqlar gimnaziyanın bacarıqlı və yaradıcı şagirdlər dərnəklərinin əl işləri ilə yaxından tanış olmuş və idman sahəsində tədris ocağının son illər əldə etdiyi uğurlar haqda çıxışı dinləyiblər. Nümayəndə heyətinin rəhbəri Gülağa İslamov gimnaziyada şagird və müəllim heyəti qarşısında çıxışı zamanı Azərbaycanda və Bakı şəhərinin Xəzər rayonunda gedən quruculuq işləri və son illərdə təmir və inşa edilmiş məktəblər haqqında ətraflı məlumat verib. Nümayəndə heyətinin rəhbəri görüş zamanı gimnaziya direktoruna İoan Pavel II Bakıya səfərindən danışıb. Xəzər rayonunun icra başçısı bu il həmin səfərin 10 illik yubileyinin olmasını və gimnaziyanın İoan Pavel II adını daşımasını nəzərə alaraq tədris ocağında xatirə lövhəsinin vurulmasını təklif edib. Xatirə lövhəsində İoan Pavel II Bakıda səfərdə olduğu zaman Azərbaycan haqqında söylədikləri sözlərin əks olunmasının məqsədəuyğun olması vurğulanıb. Bu təklif gimnaziya rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Xəzər rayonunun nümayəndə heyətinin rəhbəri görüş zamanı yaxın gələcəkdə Nadajın qəsəbəsində yerləşən İoan Pavel II adını daşıyan gimnaziya ilə Mərdəkan qəsəbəsində müəyyən ediləcək bir məktəbin əməkdaşlıq etməsini və hər iki tədris ocağının müəllim və şagird heyətinin qarşılıqlı səfərlər etməsini təklif edib. Gimnaziya rəhbərliyi belə bir layihənin Azərbaycanı tanımaq üçün dəyərli olduğunu bildirib. Tədbirin sonunda qonaqlar gimnaziya şagirdləri və müəllim heyəti tərəfindən hazırlanmış rəqs nömrələrini izləyiblər. Həmin gün nümayəndə heyəti Nadajın qəsəbəsində fəaliyyət göstərən yeni açılmış uşaq bağçasında olmuş və orda tətbiq olunan yeni təhsil-tərbiyə metodları ilə maraqlanıblar.
Azərbaycanlı qonaqlar Pruşkuv rayonunda yerləşən bir sıra tarixi memarlıq abidələri və polyak bəstəkar Şopenin ev muzeyi ilə tanış olublar. Rayonun turizm potensialı və bu sektorun inkişafı yönündə görüləcək işlər haqda ətraflı məlumat verilib. Səfər çərçivəsində qonaqlar Nadajın yaxınlığında yerləşən termal sular müalicə mərkəzi ilə, qəsəbənin Yanğın Söndürmə Mərkəzinin işi ilə də tanış olublar. Günün sonunda qonaqlar qəsəbənin mərkəzi parkında olmuş və nümayəndə heyətinə əhalinin asudə vaxtının təşkil olunması haqda ətraflı məlumat verilib.
Sonra nümayəndə heyəti Nadajın qəsəbəsi parlamentinin iclasında iştirak edib. İclasda qəsəbəsinin meri Yanuş Gjyb çıxış edərək Azərbaycan və Xəzər rayonu haqda iştirakçılara qısa məlumat verib. Xəzər rayonunun icra başçısı Gülağa İslamov iclasda çıxış edərək Nadajın və Mərdəkan qəsəbələrinin qardaşlaşmasının çox sevindirici bir hal olduğunu bildirib, Xəzər rayonu haqqında ətraflı məlumat verib, Azərbaycanda aparılan islahatlar, əldə olunan iqtisadi uğurlardan danışıb. O öz çıxışında həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və 20% torpaqlarımızın zəbt olunması nəticəndə bir milyon qaçqının olmasından və onların bir qisminin Xəzər rayonunda məskunlaşmasından danışıb. İclasın sonunda Xəzər rayonu barədə film nümayiş etdirilib.
Nümayəndə heyətinin üzvləri Varşava şəhərində yerləşən Yakub Yasinski adına 72 saylı liseydə olublar. Görüş çərçivəsində nümayəndə heyəti və lisey rəhbərliyi yaxın gələcəkdə Yakub Yasinski adına 72 saylı tədris ocağı ilə Xəzər rayonunda yerləşən müəyyən olunacaq məktəbin arasında humanitar fənləri tədris edən müəllimlərin mübadiləsinin həyata keçirilməsi razılığı əldə edilib. Həmin gün Nadajın qəsəbəsi rəhbərliyi tərəfindən Bakı şəhəri Xəzər rayonunu təmsil edən nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Nadajın qəsəbəsinin meri Yanuş Gjyb çıxışı zamanı Nadajınla - Mərdəkanın qardaşlaşmasının Azərbaycan-Polşa əlaqələrinin daha yaxınlaşması kimi dəyərləndirib.
Nadajın və Mərdəkan qəsəbələrinin qardaşlaşma prosesi çərçivəsində 25-28 iyul 2012-ci il tarixlərində Yanuş Gjıbın başçılıq etdiyi nümayəndə heyətinin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsinə cavab səfəri nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR