Doktoranturaya qəbul zamanı beynəlxalq xarici dil sertifikatlarının tanınması ilə bağlı tətbiq edilən əlavə qiymətləndirmə mexanizmi müzakirələrə səbəb olub. Redaksiyamıza daxil olan narazılıqlardan məlum olur ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş qaydalara əsasən, CEFR-in B2 və ya daha yüksək səviyyəsinə uyğun beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications and Tests, TestDaF, DELF, DALF, STANAG) malik şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunduğu halda, həmin namizədlərin Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər şöbəsi tərəfindən müvafiq xarici dil üzrə danışıq-dinləmə, yazı bacarıqları yenidən uzun prosedurla yoxlanılır, necə deyərlər, yenidən imtahan təşkil edilir.
Beynəlxalq sertifikatın saxta sənəd olub-olmadığını müəyyənləşdirməklə, şəxsin sertifikat əldə etdiyi dil üzrə bilik səviyyəsini dəqiqləşdirmək eyni prosedur deyil. Narazılıqlarda bildirilir ki, DİM beynəlxalq sertifikatın əldə edilməsini qeyri-ənənəvi hesab edir, yenidən şəxsin bilik səviyyəsinin DİM vasitəsilə yoxlanılmasını isə ənənəvi. Hətta son vaxtlar imtahana cəlb edilən şəxslərdən birinin 1 saat 15 dəqiqə ərzində təkcə danışıq qabiliyyətini qiymətləndiriblər, yazı və dinləyib-anlama bacarıqları üçün isə əlavə prosedur vaxtı müəyyənləşdirilib. Yəni söhbət iki-üç sualdan ibarət ümumi müsahibədən yox, imtahana bərabər böyük prosedurdan gedir. İddiaya görə, bu prosedur təkcə sertifikatı şübhə doğuran deyil, beynəlxalq sertifikat əldə edən hər kəsə şamil olunur.
Sual yaranır: əgər beynəlxalq sertifikatın aliliyi və həqiqiliyi bu qədər şübhə yaradırsa, niyə aidiyyəti qanun üzrə sertifikatı əldə edən şəxsin hansısa əlavə imtahandan azad edilmə hüququ qüvvədədir? Yox, əgər, qanun çərçivəsində beynəlxalq sertifikat əldə edən şəxs xarici dil üzrə imtahandan azad edilirsə, DİM bu imtahanı niyə keçirir?
Sosial şəbəkədə paylaşılan və redaksiyamıza daxil olan müraciətlərdən belə nəticəyə gəlmək mümkündür ki, DİM beynəlxalq sertifikatın imtahandan azad etmə imtiyazına şübhə ilə yanaşır və bunu qəbul etmir.

DİM-in daxili sənədi Nazirlər Kabinetinin qərarını dəyişə bilər?
Narazılıqların əsas məcrası hüquqi məsələlərlə özünü büruzə verir. İddiaçılar öz fikirlərini Qanun çərçivəsində şərh edirlər. Bütün yazılanlardan irəli gələn ümumi mənzərə belədir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda TOEFL beynəlxalq dil sertifikatı qəbul edilən sertifikatlar sırasında göstərilir. Həmin Qaydalara əsasən, müəyyən edilmiş tələblərə cavab verən və qüvvədə olan beynəlxalq dil sertifikatına malik şəxslər xarici dil üzrə qəbul imtahanından azad edilirlər. Bu normativ hüquqi akt qüvvədə olduğu müddətdə onun müddəaları icra edilməlidir. Dövlət İmtahan Mərkəzi həmin Qərarın icrasını təmin edən orqan kimi ona zidd və ya həmin Qərarda nəzərdə tutulmayan əlavə məhdudiyyətlər müəyyən edə bilməz. Əlbəttə, DİM-in konkret təqdim edilmiş sertifikatın həqiqiliyini və qüvvədə olub-olmadığını yoxlaması mümkündür. Əgər konkret hansısa sertifikatın saxta olması, ETS tərəfindən ləğv edilməsi, nəticənin etibarsız sayılması və ya imtahan qaydalarının pozulması ilə bağlı əsaslı məlumat varsa, həmin məsələ araşdırıla bilər. Lakin burada mühüm hüquqi fərq var: sertifikatın həqiqiliyini yoxlamaq başqa, sertifikatın əldə edildiyi formata görə vətəndaşa əvvəlcədən normativ aktda nəzərdə tutulmayan əlavə şərt tətbiq etmək isə tamam başqa məsələdir. DİM “mövcud daxili qaydalar”a istinad etməklə namizədləri izahat görüşünə cəlb edə, əlavə suallar verə və sertifikatı qəbul etməyə bilər. Lakin bu halda həmin daxili qaydaların hüquqi əsası, tətbiq qaydası və sertifikatın qəbul edilməməsi üçün meyarlar açıqlanmalıdır. Əsas məsələ isə budur: bu əlavə tələblər Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş doktoranturaya qəbul qaydalarına hansı hüquqi əsasla uyğunlaşdırılır? Bu halda ictimaiyyət üçün tam aydınlaşdırılmalı olan əsas məsələ budur: vətəndaşın hüquqi vəziyyətinə təsir edən belə əlavə prosedur hansı konkret hüquqi norma əsasında tətbiq edilir? Əgər həmin prosedur yalnız DİM-in daxili əmri və ya daxili qaydası ilə müəyyən edilibsə, həmin qaydanın hüquqi statusu, qəbul edilmə səlahiyyəti və Nazirlər Kabinetinin 129 nömrəli Qərarına uyğunluğu izah olunmalıdır. Çünki hər hansı daxili sənəd Nazirlər Kabinetinin qərarını dəyişə, onun tətbiq dairəsini azalda və ya həmin qərarda nəzərdə tutulmayan yeni hüquqi şərt yarada bilməz.
Konstitusiyanın müvafiq maddəsi Nazirlər Kabinetinin qərarına yanaşmanı necə müəyyənləşdirir?
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə əsasən, dərc edilmiş Nazirlər Kabinetinin qərarlarının tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları və hüquqi şəxslər üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.8-ci maddəsinə əsasən isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları Nazirlər Kabinetinin qərarları ilə ziddiyyət təşkil etdikdə, Nazirlər Kabinetinin qərarı tətbiq edilir.
Bu səbəbdən DİM-in daxili qaydaları Nazirlər Kabinetinin 129 nömrəli Qərarına zidd ola və həmin qərarda nəzərdə tutulmayan əlavə məhdudiyyətlər müəyyən edə bilməz. Əgər beynəlxalq sertifikatın mövcudluğu şəxsi xarici dil üzrə qəbul imtahanından azad edirsə, həmin hüququn əlavə müsahibə və ya qiymətləndirmə prosedurundan asılı edilməsi üçün ayrıca və aydın hüquqi əsas olmalıdır. Əgər sertifikatın əldə edildiyi vaxt qüvvədə olan qaydalarda TOEFL sertifikatı qəbul edilən beynəlxalq sertifikat kimi tanınıbsa və onun yalnız müəyyən test mərkəzindən və ya formada əldə edilməsinə dair əvvəlcədən aydın tələb olmayıbsa, sonradan belə məhdudiyyətin tətbiqi hüquqi əsaslandırılmalıdır. TOEFL iBT Home Edition ETS tərəfindən təşkil olunan rəsmi imtahan formatıdır. Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır: DİM-in sertifikatları yoxlamaq səlahiyyətinin olması ona qeyri-məhdud səlahiyyət vermir. Hər bir dövlət orqanı Konstitusiya və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməlidir.
DİM yalnız öz daxili qaydası ilə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmayan əlavə hüquqi məhdudiyyət yarada bilərmi?
Məhz mübahisənin əsas hüquqi məsələsi budur və bunun üçün həmin daxili qaydanın hüquqi statusu, qəbul edilmə səlahiyyəti və yuxarı hüquqi qüvvəyə malik normativ aktlara uyğunluğu açıqlanmalıdır.
Doktorantura səviyyəsində təhsil almaq istəyənlərlə bağlı ümumi prosedur
Bu il açıqlanan nəticələr müzakirələri daha da aktuallaşdırıb: doktoranturaya qəbul imtahanında xarici dil fənni üzrə namizədlərin 37 faizi, xarici dil üzrə fəlsəfə doktoru (minimum) imtahanında isə iddiaçıların təxminən 71 faizi minimum tələbi ödəyə bilməyib. Doktoranturaya qəbul Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş qaydalar əsasında həyata keçirilir. Qaydalara görə, namizədlər xarici dil, fəlsəfə və ixtisas fənni üzrə qəbul imtahanı verirlər. Xarici dil imtahanı Dövlət İmtahan Mərkəzi, digər imtahanlar isə ali təhsil müəssisələri tərəfindən təşkil olunur. Xarici dil üzrə minimum 25 bal toplayan namizədlər növbəti mərhələlərə buraxılırlar. Eyni zamanda, CEFR-in B2 və ya daha yüksək səviyyəsinə uyğun beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications and Tests, TestDaF, DELF, DALF, STANAG) malik şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Bununla belə, DİM son açıqlamasında bildirib ki, IELTS Online və TOEFL iBT Home Edition sertifikatlarının etibarlılığı ilə bağlı şübhə yarandığı hallarda namizədlər əlavə qiymətləndirməyə və ya müsahibəyə dəvət oluna bilərlər. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı – "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın 3.10-cu bəndinə görə, xarici dil üzrə CEFR-in B2 və ya daha yüksək səviyyəsinə uyğun beynəlxalq dil sertifikatına malik olan namizədlərin sertifikatlarının keçid balına ekvivalentliyi Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Sertifikatın həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra namizəd xarici dil imtahanından azad edilir. Yəni, sertifikatın etibarlılığının yoxlanılması nəzərdə tutulur. Sertifikatın ekvivalentliyinin müəyyən edilməsi DİM-in səlahiyyətindədir. Nəticə etibarilə, TOEFL iBT Home Edition, əlavə müsahibə, əlavə qiymətləndirmə, dil biliyinin yenidən yoxlanılması kimi ifadələr Nazirlər Kabinetinin 129 nömrəli qərarında yoxdur.

Ekspert: Sertifikat əldə etmiş şəxslərin sonradan əlavə qiymətləndirməyə cəlb olunması uyğun görünmür
Təhsil eksperti Elmin Nuri APA-ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı həm sosial şəbəkələrdə, həm də ictimai müzakirələrdə çoxsaylı şikayət və etirazlar səsləndirilir: "Hətta intellektinə, savadına və ingilis dili biliyinə yüksək qiymət verdiyim şəxslər də bu yanaşmanı əsaslı hesab etmirlər. Bu gün doktoranturaya qəbul zamanı xarici dil üzrə beynəlxalq sertifikatlar tələb olunur. Bu sertifikatların əldə olunması kifayət qədər çətin və məsuliyyətli bir prosesdir. Ona görə də həmin sertifikatı əldə etmiş şəxslərin sonradan əlavə qiymətləndirməyə cəlb olunması uyğun görünmür. Məncə, ya beynəlxalq sertifikatlar qəbul edilməli, ya da sertifikatı olmayan namizədlər xarici dil üzrə imtahana buraxılmalıdır. Hər iki mexanizmin eyni vaxtda tətbiqi namizədlərdə haqlı narahatlıq yaradır".
Ekspert vurğulayıb ki, IELTS, TOEFL, Cambridge English Qualifications and Tests, TestDaF, DELF və DALF kimi sertifikatlar xarici dil üzrə qəbul imtahanından azad olunmaq hüququ verir: "Lakin IELTS Online və TOEFL iBT Home Edition sertifikatlarının etibarlılığı ilə bağlı səsləndirilən fikirlər artıq başqa məsələdir. Bu hissəni bir kənara qoysaq, mən Dövlət İmtahan Mərkəzinin bu istiqamətdə kifayət qədər şəffaf davranacağına inanıram. Görünür, məhz bu iki sertifikatla bağlı şübhələrin yaranması müəyyən araşdırmalar və monitorinqlər nəticəsində müəyyən edilib. Məndə olan məlumata görə, Dövlət İmtahan Mərkəzi beynəlxalq sertifikatlar təqdim edildikdən sonra onların bütün detallarına kifayət qədər həssas yanaşır. Adıçəkilən iki sertifikatla bağlı etibarlılıq şübhəsinin yarandığı da qeyd olunur. Amma istəməzdim ki, bu yanaşma digər beynəlxalq sertifikatlara da şamil olunsun və ümid edirəm ki, belə də olmayacaq. Bu fakt onu göstərir ki, doktoranturaya qəbul zamanı xarici dil üzrə qiymətləndirmənin şəffaflığının və etibarlılığının qorunmasına bundan sonra da xüsusi diqqət yetiriləcək".
Universitetlər: Sertifikatın uyğunluğunu DİM müəyyən edir
Azərbaycan Tibb Universitetindən APA-ya verilən məlumata görə, ATU-da ayrıca heç bir sənəd tələb olunmur, DİM-in verdiyi sənəd kifayət edir: “Beynəlxalq sertifikatın DİM-də ekvivalentliyi yoxlanılır, universitetdə yox. ATU-da yalnız DİM nəticələri yetərlidir və bu nəticələr də əsas götürülür. Başqa hər hansı prosedur tətbiq olunmur”.
Bakı Dövlət Universitetindən də APA-ya bildirilib ki, sözügedən sertifikata DİM-dən uyğunluq verilir, iddiaçı uyğun bal toplayıbsa, imtahanı keçmiş hesab edilir.
DİM: Bu yanaşma beynəlxalq praktikaya uyğundur
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi APA-nın sorğusuna cavab olaraq bildirib ki, doktoranturaya qəbul zamanı təqdim olunan beynəlxalq dil sertifikatlarının həqiqiliyinin və keçid balına ekvivalentliyinin müəyyənləşdirilməsi proseduru Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 28 aprel 2023-cü il tarixli 38/İ-3 nömrəli əmri ilə təsdiq edilmiş "Doktoranturaya qəbul olmaq istəyən və xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olan namizədlərin beynəlxalq dil sertifikatının həqiqiliyinin və keçid balına ekvivalentliyinin müəyyənləşdirilməsi Qaydası" ilə tənzimlənir: “Həmin Qaydanın 2, 5, 6, 7, 8 və xüsusilə 9-cu bəndlərinə əsasən, Dövlət İmtahan Mərkəzi beynəlxalq dil sertifikatlarının həqiqiliyini və keçid balına ekvivalentliyini müəyyən etmək, bu məqsədlə ilkin və sonrakı araşdırmalar aparmaq, zərurət yarandıqda namizədlə izahat görüşü keçirmək və əlavə aydınlaşdırıcı suallar vermək səlahiyyətinə malikdir. Eyni zamanda, Qaydanın 9-cu bəndində açıq şəkildə müəyyən edilib ki, uyğunsuzluq aşkar edildiyi və həmin uyğunsuzluq aradan qaldırılmadığı halda sertifikat qəbul edilmir. Qeyd edilməlidir ki, 2023-cü ildən etibarən beynəlxalq dil sertifikatlarının verifikasiyası zamanı qeyri-ənənəvi üsullarla və qeyri-şəffaf şəraitdə əldə olunmuş sertifikatlar aşkar edilib. Təcrübə göstərib ki, belə hallar əsasən TOEFL iBT Home Edition formatında, beynəlxalq qiymətləndirmə sistemində etibarlılığı ilə bağlı əlavə araşdırma tələb edən bəzi imtahan mərkəzlərində, eləcə də xarici ölkələrdə əldə olunmuş sertifikatlarla bağlı olub.
Bu hallarla əlaqədar Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq beynəlxalq qiymətləndirmə təşkilatı olan ETS-ə (Educational Testing Service) sorğular göndərilib, aparılmış araşdırmalar nəticəsində həmin sertifikatların ETS tərəfindən etibarsız hesab edilərək ləğv edildiyi müəyyən edilib. Eyni zamanda qeyd edilməlidir ki, ETS tərəfindən də TOEFL iBT Home Edition sertifikatlarının qəbul edilib-edilməməsi məsələsi ali təhsil müəssisələrinin və nəticəni qəbul edən təşkilatların səlahiyyətinə verilib. Başqa sözlə, ETS Home Edition nəticələrinin bütün qurumlar tərəfindən mütləq qəbul edilməsini tələb etmir, həmin nəticələrin qəbul olunması və ya qəbul edilməməsi barədə qərar qəbul edən təşkilatın öz daxili qaydaları və qiymətləndirmə siyasəti əsasında müəyyən edilir”.
Rəsmi mövqe: DİM-in yanaşması beynəlxalq praktikadan kənar və ya istisna xarakterli hesab edilə bilməz
DİM diqqətə çatdırıb ki, dünyanın bir sıra nüfuzlu universitetləri və ali təhsil müəssisələri də qəbul siyasətlərinə uyğun olaraq TOEFL iBT Home Edition nəticələrini ya ümumiyyətlə qəbul etmir, ya da həmin nəticələrə münasibətdə əlavə yoxlama və ya məhdudiyyətlər tətbiq edirlər: “Bu səbəbdən Dövlət İmtahan Mərkəzinin yanaşması beynəlxalq praktikadan kənar və ya istisna xarakterli hesab edilə bilməz. Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı tətbiq olunan yanaşma öncədən ictimaiyyətə açıqlanıb. DİM-in rəsmi internet səhifəsində, eləcə də "Doktorantura-2026" jurnalında bu barədə açıq məlumat öz əksini tapıb.
Məhz əvvəlki illərdə əldə edilmiş təcrübə və müəyyən olunmuş faktlar nəzərə alınmaqla, cari qəbul ilində də əvvəlki illərdə olduğu kimi müəyyən edilmiş kateqoriyaya aid olan, o cümlədən TOEFL iBT Home Edition formatında və ya etibarlılığı ilə bağlı əlavə araşdırma aparılmasını zəruri edən imtahan mərkəzlərində əldə edilmiş sertifikatları təqdim edən namizədlərlə Qaydada nəzərdə tutulmuş izahat görüşləri keçirilib. Bu görüşlər yeni imtahan təşkil etmək məqsədi daşımır və yalnız təqdim edilmiş beynəlxalq sertifikatın həqiqiliyinin qiymətləndirilməsi və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə həyata keçirilir”.
Bildirilib ki, cari qəbul ilində əlavə araşdırmaya cəlb edilmiş namizədlər beynəlxalq sertifikatlarını qəbul prosesindən maksimum üç ay əvvəl əldə etmiş şəxslər olub: “Buna görə də dil bacarığının zaman keçməsi səbəbindən zəifləməsi ilə bağlı ehtimallar mövcud faktlarla təsdiq olunmur. Əksinə, sertifikatın əldə edilməsindən qısa müddət keçməsinə baxmayaraq namizədin nümayiş etdirdiyi dil biliyinin sertifikatda göstərilən nəticə ilə kəskin uyğunsuzluq təşkil etməsi əlavə araşdırmanın aparılmasını zəruri edən əsas hallardan biridir.
Qeyd olunanlar göstərir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər 28 aprel 2023-cü il tarixli 38/İ-3 nömrəli əmrlə təsdiq edilmiş Qaydanın tələblərinə tam uyğundur və Mərkəzə verilmiş səlahiyyətlərin həyata keçirilməsinə xidmət edir. Bu tədbirlərin əsas məqsədi beynəlxalq dil sertifikatlarının həqiqiliyinin və etibarlılığının obyektiv şəkildə müəyyən edilərək müvafiq ekvivalent balın təmin edilməsi, doktoranturaya qəbul prosesində akademik dürüstlüyün və bərabərlik prinsiplərinin qorunması, habelə qəbul prosesinin şəffaflığına ictimai etimadın təmin edilməsidir”.
Məlumat üçün bildiririk ki, 2026-2027-ci tədris ili üzrə doktoranturaya qəbul olunmaq məqsədilə beynəlxalq dil sertifikatı təqdim etmiş namizədlərdən 162 nəfərin sertifikatı verifikasiya olunaraq təsdiqlənib, 11 nəfərin sertifikatı isə müxtəlif səbəblərdən təsdiq edilməyib. Sertifikatı təsdiqlənmiş namizədlər müvafiq arayışlarını həftə ərzində Dövlət İmtahan Mərkəzinin elektron xidmətlər bölməsindən onlayn şəkildə əldə edə biləcəklər.
(¹ ETS. TOEFL iBT Home Edition Acceptance. https://www.in.ets.org/toefl-score/understand-scores/home-edition-acceptance.html
² Wittenborg University. TOEFL Home Edition Gets Scrapped. https://www.wittenborg.eu/toefl-home-edition-gets-scrapped-better-admissions-criteria-horizon.htm) “, - DİM-dən qeyd edilib.
DİM-dən Nazirlər Kabinetinin qərarına zidd addımlarla bağlı yayılan iddialara cavab
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarında qəbul edilən sertifikatlar ümumi olaraq göstərilir: “Lakin beynəlxalq sertifikatı verən “ETS”in özü tərəfindən TOEFL iBT Home Edition sertifikatlarının qəbul edilib-edilməməsi məsələsi ali təhsil müəssisələrinin və nəticəni qəbul edən təşkilatların səlahiyyətinə verilib. Başqa sözlə, ETS Home Edition nəticələrinin bütün qurumlar tərəfindən mütləq qəbul edilməsini tələb etmir, həmin nəticələrin qəbul olunması və ya qəbul edilməməsi barədə qərar qəbul edən təşkilatın öz daxili qaydaları və qiymətləndirmə siyasəti əsasında müəyyən edilir. Həmin sertifikatların həqiqiliyi müəyyən şübhələr yaratdığına görə, “TOEFL İBT HOME EDİTİON” sertifkatı, eləcə də ölkə daxilində və ya xaricdə məsafədən, ev şəraitində və yaxud imtahan verənin fiziki olaraq rəsmi imtahan mərkəzində iştirakını nəzərdə tutmayan digər onlayn formatlarda əldə edilmiş sertifikatları əldə edən şəxslər yenidən müsahibəyə cəlb edilirlər”.
DİM Direktorlar Şurasının əmri ilə təsdiqlənmiş daxili qaydaya istinad edir. Məsələ ətrafında irəli sürülən arqumentlər göstərir ki, doktoranturaya qəbul zamanı beynəlxalq dil sertifikatlarının tanınması və onların verifikasiyası ilə bağlı tətbiq olunan mexanizmlərin hüquqi əsaslarının aydın şəkildə izah edilməsi həm namizədlər, həm də ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan mövcud qaydaların tətbiqi ilə bağlı hüquqi və praktiki sualların cavablandırılması müzakirələrin əsas mövzusu olaraq qalır. Bu məsələyə gətiriləcək hüquqi aydınlıq gələcəkdə doktoranturaya qəbul prosesində oxşar mübahisələrin qarşısının alınmasına da töhfə verə bilər.