Azərbaycanda istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpasını həyata keçirəcək yeni laboratoriya alınıb

Azərbaycanda istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpasını həyata keçirəcək yeni laboratoriya alınıb
# 19 iyun 2014 11:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) üçün bərpa laboratoriyası alınıb.

APA-nın xəbərinə görə, bu gün muzey “MATM Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimat mərasimi keçirilib.

Tədbirdə muzeyin direktoru Nailə Vəlixanlı bildirib ki, milli irsi təbliğ etməklə yanaşı, qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir muzeyin borcudur. Onun sözlərinə görə, Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə alınan yeni bərpa avadanlıqları ölkədə milli mədəni irsin qorunmasında öz töhfələrini verəcək.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, Tarix Muzeyi üçün alınan avadanlıqlar vasitəsilə elmi tədqiqatlar daha müasir üsullarla aparılacaq və bu da milli sərvətlərin qorunmasına kömək edəcək. O, Elmin İnkişafı Fondunun həyata keçirdiyi layihələrin böyük qisminin elmi müəssisələrin maddi-texniki bazasının möhkəmlənməsinə, dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz edilməsinə xidmət etdiyini qeyd edib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, alınmış avadanlıq və qurğular ən müasir tələblərə cavab verir və müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulub: “Alınmış avadanlıqlar sırasında İngiltərənin “Willard Conservation Ltd” şirkətinin istehsalı olan sorma masası, İtaliyanın “G.B. F.LLI Bertoncello” şirkətinin istehsalı olan Proxima mikro-qaynaq cihaz dəsti (bütün növ materiallar üzrə), İtaliyanın “C.T.S” şirkətinin təchiz etdiyi sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultra-səs təmizləyici vannası, eyni şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultrasəs təmizləyici və cilalayıcı cihaz, İtaliyanın “AnMo Electronics” şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin videoqeydiyyat cihazı, Avropa şirkətlərinin istehsalı olan qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakuum nasosu kimi cihaz və qurğular maraq doğurur. Alınmış avadanlıq və qurğular istər şəxsi kolleksiyalarda olan, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanan istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpası üçün geniş imkanlar yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR