Azərbaycanda hər il 4 min tibb işçisinin istirahətini təşkil edəcək yeni mərkəz yaradılır

Azərbaycanda hər il 4 min tibb işçisinin istirahətini təşkil edəcək yeni mərkəz yaradılır
# 07 dekabr 2013 07:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda səhiyyə işçiləri üçün yeni istirahət mərkəzi yaradılır.

APA-nın xəbərinə görə, bu barədə məlumat verən Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) Respublika Komitəsinin sədri Emin Əfəndiyev bildirib ki, məsələ Rəyasət Heyətinin müzakirəsinə çıxarılıb və nəticədə səhiyyə işçiləri və onların ailə üzvlərinin istirahətinin təşkili məqsədilə həmkarlar ittifaqının büdcə vəsaiti hesabına Respublika Komitəsinin nəzdində istirahət mərkəzinin yaradılması qərara alınıb.

E. Əfəndiyevin sözlərinə görə, bu məsələ ilə əlaqədar Şamaxı, İsmayıllı, Xaçmaz, Lənkəran və digər rayonlarda müxtəlif yerlərə baxılıb: “Sonda Səhiyyə Nazirliyinə Qusar Mərkəzi Rayon Xəstəxanasının köhnə ərazisində tibb işçiləri üçün istirahət mərkəzinin yaradılması təklif edilib. Bu təklif səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən dəstəklənib və köhnə Qusar Mərkəzi Rayon Xəstəxanasının daşınmaz əmlakının Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə verilməsi barədə aidiyyəti icra orqanları qarşısında məsələ qaldırıb. 2013-cü il noyabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəssisənin özəlləşdirilməsi yekunlaşıb SİHİ Respublika Komitəsi keçmiş xəstəxananın daşınmaz əmlakının hüquqi sahibi olub. İki hektar ərazisi, üç min kvadrat metr sahəsi olan binalar SİHİ Respublika Komitəsinin səlahiyyətinə verilib”.

Mərkəzin nə zaman istifadəyə verilməsinə gəlincə, E.Əfəndiyev qeyd edib ki, hazırda istirahət mərkəzinin yaradılması istiqamətində Həmkarlar Komitəsinin büdcə vəsaiti hesabına yenidənqurma və əsaslı təmir işləri aparılır. Onun sözlərinə görə, səhiyyə işçiləri gələn il burada yüksək səviyyədə istirahət edə biləcəklər. komitə sədri vurğulayıb ki, müasir avadanlıqlarla təchiz olunmuş yüz nəfərlik istirahət mərkəzində hər il 4 min tibb işçisinin istirahətini təşkil etmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR