Nabrandakı istirahət mərkəzlərinin əmlakı vergi borcuna görə siyahıya alınıb

Nabrandakı istirahət mərkəzlərinin əmlakı vergi borcuna görə siyahıya alınıb
# 19 iyun 2013 09:34 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi vergi borclarının alınması şöbəsinin əməkdaşları Xaçmaz rayonunun Şimal qəsəbəsindəki «Nabran» kiçik müəssisəsinə məxsus «Mayak» istirahət mərkəzində əmlakın siyahıya alınması tədbirləri keçiriblər.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müəssisənin fəaliyyəti araşdırılarkən, onun 7 917 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə ona bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və istirahət mərkəzindəki 9 min manatlıq məişət texnikası və avadanlığı müəyyən edilmiş qaydada siyahıya alınıb.

Vergi əməkdaşları Xaçmaz rayonunda yerləşən digər istirahət mərkəzində - Nabran qəsəbəsində yerləşən «Asiman» MMC-yə məxsus «Qreenville» istirahət mərkəzində də əmlakın siyahıya alınması tədbirləri keçiriblər. Müəssisənin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 5 078 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bununla bağlı ona bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və istirahət mərkəzindəki 6 min manatlıq əmlak müəyyən edilmiş qaydada siyahıya alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR