FHN Hirkan Milli Parkında regional seminar-müşavirə keçirib - FOTO

FHN Hirkan Milli Parkında regional seminar-müşavirə keçirib - <span style="color: red;">FOTO
# 02 oktyabr 2014 13:51 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi oktyabrın 2-də Hirkan Milli Parkında "Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi" mövzusunda regional seminar-müşavirə keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, FHN-in Mülki Müdafiə Qoşunlarının Lənkəran regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin, Dövlət Yanğın Nəzarət Xidmətinin (DYNX) Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının, Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən müvafiq rayon meşə mühafizəsi və bərpası müəssisələrinin, Hirkan Milli Parkının nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Hirkan Milli Parkının direktoru Vüqar Məmmədov fövqəladə halların qarşısının alınması, eləcə də baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədi ilə müvafiq rayon idarə və müəssisələrinin rəhbərləri ilə birgə FHN-in Cənub Regional Mərkəzi tərəfindən mütəmadi olaraq keçirilən regional seminar-müşavirələrin, dəyirmi masaların vacibliyini bildirməklə, bu kimi tədbirlərin qarşılıqlı fəaliyyətin gücləndirilməsi işinə böyük təsir göstərəcəyinə inandığını vurğulayıb.

Müşavirənin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, müvafiq rayon meşə mühafizəsi və bərpası müəssisələri, Hirkan Milli Parkı ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Sonra “Regionda baş verə biləcək fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması zamanı FHN-in Cənub Regional Mərkəzi ilə regionun yerli qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi", “Fövqəladə vəziyyət şəraitində tətbiq olunan tədbirlər və müvəqqəti məhdudiyyətlər”, “Fövqəladə hallar, fövqəladə halların yaranma səbəbləri və onlardan mühafizə üsulları”, “Meşə yanğınları, onların növləri və Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin əsas tələbləri”, “Hansı hadisələr baş verdikdə 112 qaynar telefon xəttinə zəng etmək olar?” və “Məişət elektrik cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli?” mövzularında məruzələr dinlənilib. Bütün çıxışlarda FHN-nin Cənub Regional Mərkəzi ilə regionda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının bəndlər üzrə geniş təhlili aparılaraq, yerli qurumlarla qarşlıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlər haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilib, həmçinin təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi diqqətinə çatdırılıb.

Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye qaz doldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, meşə və meşə zolaqlarında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması istiqamətində görüləcək işlərin vacibliyi və s. bu kimi məsələlər də müzakirə obyektinə çevrilib.

Daha sonra müvafiq rayon idarə və müəssisə rəhbərlərinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələrinin keçirilən seminar-müşavirə ilə bağlı təklifləri dinlənilib. Çıxışlarda irəli sürülən müddəaların interaktiv formatda konseptual təhlili keçirilərək, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.

Tədbirin sonunda “FHN-nin Cənub Regional Mərkəzinin fəaliyyət istiqamətləri”, “Meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edin!”, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video çarxlar və foto-slaydlar nümayiş olunub, "Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!", "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!", “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “İdarə və müəssisələrdə yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış xəbərdarlıq vərəqələri və yaddaş kitabçaları tədbir iştirakçılarına paylanılıb, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular, yüksək və orta təzyiqli qaz xətlərinin, eləcə də yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin, magistral avtomobil və dəmir yollarının mühafizə zonaları ilə bağlı suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR