Bir ağ-qara fotonun dərinlikləri

Bir ağ-qara fotonun dərinlikləri
# 30 sentyabr 2015 11:44 (UTC +04:00)

Bakını tərk edib İstanbula yerləşəndən sonra Əlibəy Hüseynzadə rəsm işlərinə daha çox vaxt ayırıb. Feyzavər xanımın evinin divarlarında atasının və qardaşı Səlim Turanın tabloları ən əziz xatirələr kimi asılıb-durur. Feyzavər xanımı görmək adıyla Bakıdan gələn bəzi sifəti qırmızıların ondan atasının və qardaşının tablosunu istədiyini xatırlayanda bu 95 yaşlı əsli-nəcabətli və nəzakətli qadın əsəbini “Bir daha gəlməsinlər” sözləriylə ifadə edir. Siyasətçi-tarixçi-sosioloq-filosof-jurnalist-şair olan başqa biri barədə isə “O, çoxdan bəri görünmür. Nə istədiyini anlaya bilmədim” deməklə kifayətlənir. Atasının işlədiyi balkona keçərkən daim hüznlənir,

Mətnin xülasəsi
Bakını tərk edib İstanbula yerləşəndən sonra Əlibəy Hüseynzadə rəsm işlərinə daha çox vaxt ayırıb.

Təzyiqlərə tab gətirməyərək Əhməd Ağaoğluyla birlikdə ayrılmaq məcburiyyətində qaldığı Bakı Hüseynzadənin təhtəl-şüurunda, görünür, dərin izlər qoyduğuna görə, İstanbulda çəkdiyi peyzajlarda Bakı teması ön planda olub. Elə isə Hüseynzadə 76 illik ömrünün vur-tut 7 ilini Bakıda yaşamışdı. ..

“Bunu görürdük ki, Hacı Zeynalabdin kimi o, əsrin pəhləvanı “Həyat" qəzetinin nəşrinə izin hasil eləmək üçün Peterburqa, padşah yanına adam göndərməyə məcbur oldu... Bakı şəhəri, o milyonlu və mədənli Bakı şəhəri öz yazıçıları ilə, öz Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, Haşımbəy Vəzirov, Məmmədəmin Rəsulzadə, doktor Qarabəy Qarabəyov, şair Müznib, Hacı İbrahim Qasımov, Cəfər Bünyadzadə və qeyri bunlar kimi əhli-qələmləri ilə uzaqdan Tiflisə baxıb onun gündəlik “Şərqi-Rus” qəzetinə həsəd aparırdılar”- bunu Cəlil Məmmədquluzadə “Xatırat”ında yazıb...

Amma Hüseynzadənin həyatının 7 il davam edən Bakı dönəmində Rusiyanın bir quberniyası olan “Dərya kənarındakı o şöhrətli məkan” (Mirzə Ələkbər Sabir) Qafqazın, Orta Asiyanın, Osmanlının, Şimali Afrikanın, Hindistanın, İranın istiqlalı və istiqbalı ətrafında aparılan fikir və düşüncə mübarizəsinin mərkəzi olduğuna və Hüseynzadə o “beyin fırtınalarının” əsas aktyorlarından birinə çevrildiyinə görə, Bakının onun təhtəl-şüurunda silinməz iz qoyması çox təbii idi ki, bunun örnəklərindən biri Bakıdan ayrılandan 2 il sonra İstanbulda çəkdiyi “Bibiheybət məscidi” sulu boya tablosudur. Hüseynzadə rəssamlıq təcrübəsini 19-cu əsrin 80-ci illərində Sankt-Peterburq Universitetində oxuyarkən əlavə dərs kimi davam etdiyi rəsm dərslərində qazanıb və ömrünün axırına qədər o təcrübəni yağlı və sulu boya, qara qələm, pastel ilə çəkdiyi əsərlərində məharətlə əks etdirib. İstanbulun ən zəngin tacirlərindən olan Gəncəli Hacı Məmməd bəyin karvansarayında 1 il gizlənərkən çəkdiyi tablolar da o təcrübənin məhsuludur. Bu baxımdan Hacı Məmməd bəyin İstanbulun Üsküdar bölgəsindəki sarayının təsviriylə “Bibiheybət məscidi” tablosu arasında üzvi bağ var: hər ikisində məkan və düz perspektiv dərinliyi Hüseyzadənin rəssam məharətini göstərir...

Qarşımda “Bibiheybət məscidi” tablosunun ağ-qara fotosu var. Fotonu Əlibəy Hüseynzadənin rəssam oğlu Səlim Turan 2 oktyabr 1979-cu ildə Ankaraya - bir Türk diplomatına göndərib. Səlim bəy o vaxtlar Parisdə yaşayırdı, Qalatasaray litseyini və Memar Sinan adına incəsənət akademiyasını bitirəndən sonra 1947-ci ildə Parisə getmiş, XX əsrin ən qabaqcıl sənət cərəyanlarıyla tanış olaraq əsərlərini o tərzlərdə yaratmışdı

Qarşımda “Bibiheybət məscidi” tablosunun ağ-qara fotosu var. Fotonu Əlibəy Hüseynzadənin rəssam oğlu Səlim Turan 2 oktyabr 1979-cu ildə Ankaraya - bir Türk diplomatına göndərib. Səlim bəy o vaxtlar Parisdə yaşayırdı, Qalatasaray litseyini və Memar Sinan adına incəsənət akademiyasını bitirəndən sonra 1947-ci ildə Parisə getmiş, XX əsrin ən qabaqcıl sənət cərəyanlarıyla tanış olaraq əsərlərini o tərzlərdə yaratmışdı. Səlim Turan Türkiyəyə çağdaş sənəti gətirmiş rəssam sayılır. Əsgərliyə getmədiyinə görə Türkiyə Cümhuriyyəti vətəndaşılığından çıxarılan Səlim Turanı 1970-ci illərin axırında prezident Fahri Korutürk vətəndaşlığa bərpa edib. Türk sənət qalereyaçılığının duayeni Yahşi Baraz fürsəti yaxşı dəyərləndərirək Səlim Turanı Türkiyəyə gətirib, vəfat etdiyi 1994-cü ilə qədər Turanın tablolarını satıb. Səlim Turan maddi sıxıntılardan Yahşi Barazın sayəsində qurtula bilib. Turanın sənəti qədər şəxsiyyətinə də heyran olan Yahşi Barazdan bir neçə dəfə müsahibə almışam, növbəti müsahibə üçün bir az naz etsən də, bil ki, qaçacağın yer yoxdur, əzizim Yahşi... Səlim bəyin Parisdəki sıxıntılı günlərində onu tək qoymayan, Turanın sənəti və şəxsiyyətiylə bağlı düşüncələrini bir vaxtlar işlədəyim media qurumu üçün mənimlə bölüşən Türk rəssamları Komet, Əli Atmaca və Mustafa Altuntaşı daima hörmətlə xatırlayıram...

Türk diplomata göndərdiyi “Bibiheybət məscidi” tablosunun fotosunun arxasına Səlim Turan bunları yazıb: "Sulu boya. Resmi yapan: Prof.Dr.Hüsseyin zade Ali (TURAN) 1864-1940. Resmin yapıliş tarihi: 1912. Bakünün Salyan ilçesi yaninda “Bibi Heybet” 2 Ekim 1979.Selam ve Saygılarimla. Tekrar görüşmek ümidiyle M.Selim Turan”.

Əslində “Bibiheybət məscidi” tablosunun ağ-qara fotosunun Türkiyə Xarici İşlər nazirliyinin SSRİ idarəsində işləyən bir diplomata göndərilməsinin simvolik önəmi var. Bu fotoyla Səlim Turan həm atasının ideal, məfkurə və şəxsiyyətini Türk diplomatına xatırladır, həm də Türkiyənin Moskvadakı səfirliyinin Azərbaycana və Bakıya laqeyd yanaşmamasının lüzumuna işarə edir. Fotonu mənə vermiş Türk diplomatın o mesajları çox yaxşı idrak etdiyinə əmin olduğumu vurğulayarkən ona təşəkkür borcumdan da çıxıram.

Mayis Əlizadə, APA-nın Türkiyə təmsilçisi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR