Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü tunisli nazirlə görüşüb

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü tunisli nazirlə görüşüb
# 30 sentyabr 2015 18:27 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA payız sessiyası çərçivəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun Qadınlara qarşı zorakılıqla mübarizə məsələləri üzrə baş məruzəçisi Sahibə Qafarova Tunisin Qadın, ailə və uşaq məsələləri üzrə naziri Samira Meray Fria ilə görüşüb.

APA-nın Avropa bürosunun xəbərinə görə, “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin iclasında iştirak edən xanım nazir ilə Parlament Şəbəkəsinin siyasi koordinatoru azərbaycanlı millət vəkili arasında keçirilmiş görüşdə bu şəbəkə ilə Tunisin əməkdaşlıq imkanları müzakirə edilib. Tunisli nazir Sahibə Qafarovanın siyasi koordinator olaraq fəaliyyət göstərdiyi Parlament Şəbəkəsinin Avropa regionu ölkələrində, o cümlədən qonşu bölgələrdəki ölkələrdə qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və bu sahədə irəliləyişin təmin olunması istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib. Tunisdə hazırda bu sahədə böyük işlər barədə millət vəkilimizə ətraflı məlumat vermiş xanım nazir ölkəsinin parlamentinin də bu işdə fəal rol oynamaq istədiyini bildirib. Görüş ərəfəsində məhz bu mənada “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsi daxilində ayrı-ayrı ölkə parlamentarlarının təcrübəsindən faydalanmağın əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

Sahibə Qafarova, öz növbəsində qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması sahəsində ölkəmizdə görülən işlər və Milli Məclisin bu prosesdə oynadığı rola dair xanım naziri məlumatlandırıb. Daha sonra xanım nazirin rəhbərlik etdiyi qurum ilə millət vəkilimiz siyasi koordinator olduğu Parlament Şəbəkəsi arasında gələcək əməkdaşlıq imkanları və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda bu istiqamətdə əməkdaşlığın formalaşdırılması üçün analoji görüşlərin və müzakirələrin davam etdirilməsi qərarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR