Azərbaycan ərazisində havanın orta illik temperaturu yüksəlir

Azərbaycan ərazisində havanın orta illik temperaturu yüksəlir
# 17 aprel 2013 14:16 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan ərazisində havanın orta illik temperatur artır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, 2012-ci il 2011-ci illə müqayisədə daha isti keçib.

Belə ki, havanın orta illik temperaturu 2011-ci ildə Bakıda 14,5 dərəcə təşkil edibsə, 2012-ci ildə bu göstərici 1,2 dərəcə yüksək, yəni 15,7 dərəcə olub.

Bu cür fərqlər ölkənin digər regionlarında da özünü büruzə verir. Ən yüksək göstərici isə Böyük Qafqazın şimal-şərq yamacında, Quba-Xaçmaz bölgəsində qeydə alınıb. Quba-Xaçmaz bölgəsində orta illik temperatur 2011-ci illə müqayisədə 1,5 dərəcə yüksək olub.

Balakən-Şəki bölgəsində 2011-ci illə müqayisədə orta illik temperatur 2012-ci ildə 1,1 dərəcə artıb. Naxçıvan Muxtar Respublikasında bu fərq 0,7 dərəcə, Kiçik Qafqazın rayonlarında (Daşkəsən, Gədəbəy) 0,4 dərəcə, Şamaxı-İsmayıllı bölgəsində 0,5 dərəcə təşkil edib.

Ötən il Azərbaycan ərazisində yağıntıların miqdarı 2011-ci illə müqayisədə azalıb. 2012-ci ildə Abşeron yarımadasında il ərzində 350 mm miqdarında yağıntı düşüb. 2011-i ildə bu göstərici bir qədər yüksək - 534 mm olub. Digər rayonlarda da 2011-ci illə müqayisədə az yağıntı düşüb. Qazax-Gəncə zonasında 2012-ci ildə yağıntının miqdarı 181 mm, 2011-ci ildə 261 mm təşkil edib. Respublikanın Aran rayonlarında 2012-ci ildə 355 mm, 2011-i ildə 497 mm yağıntı qeydə alınıb.

Külək rejimində mühüm dəyişikliklər qeydə alınmayıb.

U. Tağıyeva deyib ki, orta illik temperaturun yüksəlməsi tək Azərbaycan mütəxəssislərinin gəldiyi qənaət deyil: “Ümumdünya Meteorologiya Təşkilatının hər il hazırladığı məlumatlarda da bu fakt əksini tapır. Analoji proses bütün dünyada baş verir. Orta temperaturun ildən-ilə yüksəlməsi daha çox şimal yarımkürəsində müşahidə olunur.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2000-2010-cu illər ən isti onillik kimi tarixə düşüb. Bu tendensiya hələ də davam edir. Dünyada orta illik temperatur ilbəil yüksəlir. Dünyanın ən aparıcı alimlərinin cəlb olunduğu iqlim dəyişmələri üzrə dövlətlərarası ekspert qrupunun 4 ildən bir təqdim olunan hesabatına əsasən, iqlimin bu cür dəyişmələri daha çox antropogen təsirlə əlaqələndirilir. Atmosferdə istilik effekti yaradan qazların konsentrasiyası artır, nəticədə orta qlobal temperatur yüksəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR