Dağıstanda baş verən qəza Azərbaycana gələn qatarları ləngidəcək

Dağıstanda baş verən qəza Azərbaycana gələn qatarları ləngidəcək
# 24 may 2012 14:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dağıstanda dəmir yolunda baş verən partlayışla əlaqədar olaraq Azərbaycandan şimal istiqamətində və əks istiqamətə gedən qatarlar mənzil başına nəzərdə tutulduğu vaxtdan gec çatacaq. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətini rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, Bakıdan Sankt-Peterburqa gedən qatar artıq 2 saatdır qəzanın baş verdiyi əraziyə - Açi-İzberbaş yoluna çataraq orda dayanıb. Bir qədər əvvəl Bakıdan yola düşən Bakı-Tümen qatarı da artıq 1 saatdır həmin ərazidə yolun açılmasını gözləyir. Moskvadan gələn Moskva-Bakı qatarının isə yaxın dəqiqələrdə qəza ərazisinə çatması gözlənilir.

N.Əzməmmədovun sözlərinə görə, buna görə də adı çəkilən dəmiryol heyətlərinin son mənzil yerinə nəzərdə tutulan vaxtdan gec çatacağı gözlənilir.

Qəzanın nəticələrinin aradan qaldırılmasına gəlincə, N.Əzməmmədov bildirib ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələri işləyir, eyni zamanda yolun bərpası üçün tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq yaxın 1-2 saatda dəmir yolunda hərəkətin bərpası gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR