İctimai Palatanın növbəti yığıncağında bu qurumdan istefalara münasibət bildiriləcək

İctimai Palatanın növbəti yığıncağında bu qurumdan istefalara münasibət bildiriləcək
# 19 oktyabr 2012 14:52 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “İctimai Palatanın növbəti toplantısında ayrı-ayrı çıxışlarda istefalara münasibət bildiriləcək”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Ədalət Yusubov deyib.

O, İP üzvü Yadigar Sadıqov və İP KŞ üzvü Ərəstun Oruclunun istefa məsələsinə münasibət bildirərək, bunun İctimai Palatanın fəaliyyəti ilə bağlı olmadığını vurğulayıb: “Onlar ehtimallara söykənən və ehtimallardan doğan bir fikrin ifadəsi olaraq istefaya getdiklərini bəyan ediblər. İctimai Palata separatçı danışıqlarda iştirak etmir və etmək fikri də yoxdur. İP-in islahatlar istiqamətində ortaya qoyduğu yol xəritəsi var. İP burada göstərilən demokratik dəyişiklərin baş tutmasında, həyata keçməsində israrlıdır. Yalnız bu məsələlər ətrafında hansısa təşəbbüs olarsa, palata bu vəziyyəti dəyərləndirə bilər. Bu məsələlər olmadıqda, gəlinən qənaəti hər kəsin öz ixtiyarına buraxıram. Təbii ki, hamı öz mövqeyini nümayiş etdirməkdə, münasibət açıqlamaqda, istefaya getməkdə və yaxud seçimdə müstəqildir. Hər kəsin mövqeyinə hörmətlə yanaşıram”.

Ə.Yusubov həmçinin yaxın günlərdə İP-in toplantısında istefaların səbəblərinə aydınlıq gətiriləcəyini və buna şəxsən təşəbbüs edəcəyini bildirib: “Bu günə qədər istər İctimai Palatanın üzvləri səviyyəsində, istərsə də Koordinasiya Şurası səviyyəsində olan hər hansı istefa müzakirəyə çıxarılmayıb. Əgər kiminsə ehtimalına görə istefalarda qaranlıq məqamlara işıq salmaq məsələsi gündəliyə gələcəksə, xüsusi müzakirəyə ehtiyac duymuram. Lakin bu istefalara bir aydınlıq gətirilə, münasibət bildirilə bilər. Ehtimal edirəm ki, İctimai Palatanın növbəti toplantısında ayrı-ayrı çıxışlarda istefalara münasibət bildiriləcək. Bu, mənim Koordinasiya Şurasının yığıncaqlarına rəhbərlik etdiyim dövrə təsadüf edir. İstefalarla bağlı müəyyən aydınlaşmalara mən özüm də təşəbbüs edəcəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR