Ramiz Mehdiyev: “Milli Fəaliyyət planlarının təsdiq edilməsi dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını göstərir”

Ramiz Mehdiyev: “Milli Fəaliyyət planlarının təsdiq edilməsi dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını göstərir”
# 06 sentyabr 2012 12:37 (UTC +04:00)
Komissiyadan APA-ya daxil olan məlumatda bildirilir ki, Azərbaycan prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib.

2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət Planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.

“Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olub. Beynəlxalq təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqini dəstəkləməkdir. Açıq Hökumət tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirlər müəyyən edir. Hər iki Fəaliyyət planının layihəsi Azərbaycan Respublikası prezidentinin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən hazırlanıb”, - deyə məlumatda bildirilir.

Komissiyanın sədri Ramiz Mehdiyevin sözlərinə görə, 5 sentyabr tarixli sərəncam dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını göstərir, Azərbaycan prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir: “Fəaliyyət planlarının qəbul edilməsi Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artıracaq, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək və vətəndaşların dövlətə etimadını daha da artıracaq”.

Məlumatda daha sonra deyilir ki, Fəaliyyət planlarının hazırlanmasında dövlət orqanları ilə yanaşı, ictimai dinləmələrdə fəal iştirak etmiş vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınıb.

Fəaliyyət Planlarının icrasına və onların dəyərləndirilməsi prosesinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR