“Həbsxanalar bizim gözümüzlə: Azərbaycan həbsxanalarının monitorinqi” adlı ictimai dinləmə keçirilib - FOTOSESSİYA

“Həbsxanalar bizim gözümüzlə: Azərbaycan həbsxanalarının monitorinqi” adlı ictimai dinləmə keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 oktyabr 2012 11:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “İnsan Haqları Uğrunda” İctimai Birliyi “Həbsxanalar bizim gözümüzlə: Azərbaycan həbsxanalarının monitorinqi” adlı ictimai dinləmə keçirib.

APA-nın məlumatına görə, hüquq müdafiəçilərinin, ictimaiyyətin, o cümlədən diplomatik nümayəndəliklərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə “İnsan Haqları Uğrunda” İctimai Birliyinin rəhbəri Eynulla Fətullayev məruzə edib. O bildirib ki, cəzaçəkmə müəssisələrində apardığı monitorinqə keçmiş məhkum və bu sahədən məlumatlı hüquq müdafiəçisi kimi yanaşıb.

Bu sahə ilə bağlı ictimai dinləmələrin əhəmiyyətini vurğulayan E. Fətullayev deyib ki, son il yarım ərzində cəzaçəkmə müəssisələrində köklü islahatlara başlanılıb və hətta bəzi müəssisələrdə bu proses sona çatdırılıb. Bundan sonra E. Fətullayev Azərbaycandakı cəzaçəkmə müəssisələrinin keçmiş və hazırkı vəziyyətini əks etdirən foto slayd da nümayiş etdirib. Daha sonra hüquq müdafiəçisi qeyd edib ki, bir müddət əvvəl Şəkidə yeni inşa edilən həbsxana kompleksi ilə yaxından tanış olub və bu, onda müsbət təəssürat yaradıb: “Azərbaycanda yeni inşa edilən həbsxana komplekslərindən başqa müasir standartlara uyğunlaşdırılan müəssisələri arasında 11, 3, 9 və 4 saylı cəzaçəkmə müəssisələrini qeyd etmək olar”.

E. Fətullayevin sözlərinə görə, 2005-ci ildən başlayaraq cəzaçəkmə müəssisələrində “obşak”lar ləğv edilib: “Vaxtilə 5 və 6 saylı müəssisələrdə narkotik vasitələrin açıq bazarı vardı. Hətta 5 saylı müəssisədə narkotik maddələr mağazada satılırdı. Bu gün isə bu məsələlər aradan qaldırılıb və həmin müəssisələrin rəisləri cəzalandırılıb, 5 saylı cəzaçəkmə müəssisənin rəisi isə həbs edilib”. E. Fətullayev cəzaçəkmə müəssisələrinin monitorinqinə dair hesabat hazırlandığını və yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyini qeyd edib.

Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi və siyasi işlər üzrə müşavir Fredrik Hanke cəzaçəkmə müəssisələrində monitorinqin əhəmiyyətini vurğulayaraq, təmsil etdiyi qurumun buna dəstək verdiyini qeyd edib. Onun sözlərinə görə, həbsxanada olan insanların özlərini cəmiyyətin bir parçası hesab etməsi üçün azadlıqda olanlar buna imkan yaratmalıdır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Azərbaycanda cəzaçəkmə müəssisələrinin hazırkı vəziyyəti haqda danışaraq, bununla bağlı təmsil etdiyi qurumun rəhbərliyi və hökumətin müvafiq qurumları tərəfindən kompleks tədbirlərin görüldüyünü söyləyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrindəki texniki və mənəvi problemlər getdikcə aradan qaldırılır.

İctimai dinləmələrdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Komitəsinin sədri İlqar İbrahimoğlu, hüquq müdafiəçisi Ruslan Bəşirli, vəkillər Aslan İsmayılov, Anar Qasımlı, hüquq müdafiəçisi Elçin Behbudov və digərləri çıxış ediblər. Çıxış edənlər cəzaçəkmə müəssisələrində islahatların texniki ilə yanaşı, mənəvi istiqamətdə də aparılmasının tərəfdarı olduqlarını söyləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR