Azərbaycan Beynəlxalq Bankı gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

 Azərbaycan Beynəlxalq Bankı gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 04 dekabr 2013 13:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 12-də Azərbaycan Beynəlxalq Bankının (ABB) adi sənədli adlı səhmlərinin yeni buraxılışının yerləşdirilməsinə başlanacaq. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında deyilir. Kütləvi təklif üsulu ilə yerləşdiriləcək səhmlərin hər birinin nominal dəyəri 0,26 manat, emissiyanın ümumi həcmi 200 000 001,50 manat təşkil edir. BFB-da kütləvi təklif üsulu ilə keçiriləcək yerləşdirmədə anderrayter kimi «International Transaction System» MMC çıxış edəcək. Emissiya prospektinə əsasən, səhmlərin yerləşdirilməsinin başa çatma tarixi səhmlərin dövlət qeydiyyatına alındığı tarixdən etibarən 6 aydır. Eyni zamanda, səhmlərin emissiyası haqqında qərar qəbul edilən zaman emitentin səhmdarlarına nizamnamə kapitalında paylarına mütənasib miqdarda yerləşdirilən səhmləri əldə etməkdə üstünlük hüququna malik olmaları nəzərdə tutulub. Beləliklə, səhmlərin əldə edilməsində üstünlük hüququ səhmlərin yerləşdirilməsi başlandığı tarixdən etibarən 4 ay ərzində həyata keçirilə bilər.

Yerləşdirmə nəticəsində Bankın nizamnamə kapitalı 54,3% artaraq 568 333 337 manata çatacaq.

Qeyd edək ki, oktyabrda keçirilən Səhmdarların Ümumi Yığıncağında ABB-nin yaxın 4 il ərzində nizamnamə kapitalının 500 mln. manat artırılması barədə qərar qəbul edilib. İlkin olaraq bankın nizamnamə kapitalının 200 mln. manat artırılması qərara alınıb və, göründüyü kimi, bu istiqamətdə ilk addım atılıb. Növbəti illərdə isə kapital hər il 100 mln. manat artırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR