Urmiya gölünə görə tutulmuş daha üç azərbaycanlı fəal azadlığa buraxılıb

Urmiya gölünə görə tutulmuş daha üç azərbaycanlı fəal azadlığa buraxılıb
# 16 iyun 2014 16:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Urmiya gölü ilə bağlı tutulmuş daha üç azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Yasir Əkbəri, Nima Həsəni və Əta Kərimi iyunun 14-15-də bir həftə saxlanıldıqdan sonra ailələrinin qoyduğu 20 milyon tümən mülk girovu qarşılığında Urmiya Mərkəzi Həbsxanasından sərbəst buraxılıblar.

Qeyd edək ki, iyunun 11-də axşam saatlarında Təbriz və Urmiya şəhərlərində İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsinə etiraz olaraq aksiyalar keçirilib. Soydaşlarımız küçə və meydanlara çıxaraq “Urmiya gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu!”, “Urmiya gölü səslənir: susuzam haray, haray!” və “Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!” kimi şüarlar səsləndiriblər. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları aksiyanın qarşısını almaq üçün dinc nümayişçilərə qarşı zor tətbiq edib, ümumilikdə 26 azərbaycanlı fəal həbs edilib. Hazırda Miryasin Hüseyni, Əkbər Əbülzadə, Nima Abbaspur, Abdullah Nuri və Vəhid Vəlizad ictimai asayişi pozmaqda günahlandırılaraq Təbriz Mərkəzi Həbsxanasının karantin bəndində saxlanılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR