İstanbuldakı Xəzər Strategiya İnstitutunun yay məktəbi işə başlayıb

İstanbuldakı Xəzər Strategiya İnstitutunun yay məktəbi işə başlayıb
# 19 avqust 2013 07:24 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbulda fəaliyyət göstərən Xəzər Strategiya İnstitutunun (HASEN) yay məktəbi öz işinə başlayıb. APA-nın xəbərinə görə, yay məktəbinin əsas məqsədi bölgə ölkələrindən dəvət edilən gənc idarəçilərin təcrübəli dövlət adamlarının mühazirələrini dinləməsi və onlarla fikir mübadiləsi aparmasıdır. On gün edəcək yay məktəbinin açılış mərasimində HASEN elmi şurasının sədri Əfqan Niftiyev, HASEN baş katibi Haldun Yavaş və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin başqanı Bülənt Aras çıxış ediblər.

Yay məktəbinin məqsədləriylə bağlı APA-ya açıqlama verən HASEN elmi şurasının sədri Əfqan Niftiyev deyib ki, proqramda Xəzər bölgəsi ölkələrinin dövlət strukturlarında işləyən gənc mütəxəssislər iştirak edir: “Proqramın həyata keçiriləcəyi günlərdə yüksək vəzifəli dövlət adamları müxtəlif mövzularda məruzələr edəcəklər. Daha sonra yay məktəbinin hər bir müdavimi o mühazirələrlə bağlı öz fikirlərini ətraflı şəkildə bölüşəcək. Proqramımız enerji, iqtisadiyyat, təhlükəsizlik və xarici siyasət məsələləri üzrə tərtib edilib. Bu proqramın Xəzər bölgəsində səriştəli dövlət adamları yetişdirilməsində mühüm rol oynayacağına inanırıq”.

Ə. Niftiyev II Xəzər Forumunu 4-5 dekabrda İstanbulda keçirməyi nəzərdə tutduqlarını söyləyib: “Biz keçənilki Xəzər forumunu institutumuzun yaradılmasından 2-3 ay sonra təşkil etmişdik. Builki Xəzər forumuna isə fevral ayından hazırlaşmağa başlamışıq. Forumda Xəzər ölkələri arasında münasibətlərin daha da inkişaf etdirilməsi və inteqrasiya məsələsini müzakirə edəcəyik. Bu proqramların əsas məqsədlərindən biri Azərbaycanı narahat edən məsələləri - bunun başında Dağlıq Qarabağ problemi gəlir - yer kürəsinin qlobal oyunçularının diqqət mərkəzində saxlamaqdır. Keçən il biz Xəzər forumunu 2-3 tərəfdaşla təşkil etmişdiksə, bu il Qazaxıstan, Türkmənistan, Rusiya, Gürcüstan, Türkiyə, Avropa Birliyi və ABŞ-dan böyük tərəfdaşlarımız olacaq”.

Xəzər Strategiya İnstitutunun təşkil etdiyi yay məktəbində Azərbaycan hökumətinin bəzi nümayəndələrinin və Dövlət Neft Şirkətinin yüksək vəzifəli şəxslərinin mühazirə oxuması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR