Bakıda Vyetnam-Azərbaycan dostluğu forumu keçiriləcək

Bakıda Vyetnam-Azərbaycan dostluğu forumu keçiriləcək
# 22 may 2014 11:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində bu ölkənin təhsil və təlim naziri Fạm Vu Luan ilə görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Təhsil sahəsində gələcək əlaqələrin möhkəmləndirilməsində bir sıra birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü vurğulanıb və müvafiq əməkdaşlıq müqavilələrinin imzalanması barədə razılıq əldə olunub. Görüşdə prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda təhsil almış vyetnamlı tələbələrin iştirakı ilə Bakıda Vyetnam-Azərbaycan dostluğu forumunun keçirilməsi məsələsi müzakirə edilib.

Görüş zamanı həmçinin, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan vyetnamlı tələbələrin sayının artırılması və "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində seçilmiş ali təhsil müəssisələrinin siyahısına Vyetnamın qabaqcıl universitetlərinin də əlavə olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məktəblilərin Beynəlxalq Kimya Olimpiadasının 2014-cü ildə Vyetnamda, 2015-ci ildə isə Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR