Milli Məclisdə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar Ədliyyə Nazirliyinin illik məruzəsi müzakirə edilir

Milli Məclisdə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar Ədliyyə Nazirliyinin illik məruzəsi müzakirə edilir
# 14 fevral 2014 10:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.

APA-nın məlumatına görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

O qeyd edib ki, 2013-cü il ərzində 3460,5 ha torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb, həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq icarəyə verilmiş 3196,66 ha torpaq sahəsi, xüsusi mülkiyyətə verilmiş 242,78 ha torpaq sahəsi, istifadəyə verilmiş 21,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb.

Məruzədə deyilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunun 6-cı maddəsinə görə, bələdiyyələr bu maddədə nəzərdə tutulmuş bələdiyyə aktlarını onların qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə 15 gündən gec olmamaqla inzibati nəzarəti həyata keçirən orqana təqdim etməsi tələbinə baxmayaraq, bir sıra bələdiyyələr tərəfindən mütləq təqdim edilməli olan bələdiyyə aktları qanunla müəyyən olunmuş müddətdə ekspertizaya göndərilməyib: “Belə halların qarşısının alınması məqsədilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında 415 protokol tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilib və bununla bağlı 364 bələdiyyə sədri (bəziləri hətta 2 dəfə) inzibati məsuliyyətə cəlb edilib”.

Ötən il prokurorluğa göndərilmiş 25 materialdan 7-si üzrə cinayət işi başlanıb, onlardan 3-ü üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilib, 1 cinayət üzrə artıq ittiham hökmü çıxarılıb. Həmçinin bir material üzrə cinayət işinə xitam verilib, 3 material üzrə cinayət işinin başlanması rədd edilib, digərləri isə baxılmaqdadır.

V.Eyvazov bildirib ki, 2013-cü il yerli özünüidarəetmə orqanlarının fəaliyyəti baxımından uğurlu olub: “Bir çox bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək abadlaşdırma və quruculuq işlərində fəal işlərində fəal iştirak edib, sosial-iqtisadi layihələr həyata keçirilib. Bütövlükdə bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artıb. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyirli yaxşılaşıb, ictimai əlaqələri güclənib. Dövlət tərəfindən bələdiyyələrə kömək üçün ayrılan vəsaitin 2013-cü ildə də artırılması onların işini daha da yaxşılaşdırıb, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırıb. Ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1855 müraciət (2012-ci illə müqayisədə 17% çox) daxil olub. Aparılan təhlillər nəticəsində müəyyən edilib ki, müraciətlərin 495-i torpaq sahəsinin ayrılması tələbi, 302-si torpaq mübahisəsi, 168-i isə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olub. Beləliklə, müraciətlərin 52%-i torpaq məsələləri, digərləri isə bələdiyyələrin fəaliyyəti ilə bağlı olub. Daxil olan müraciətlərə baxılarkən onlardan 263-ü aidiyyəti üzrə göndərilib, 52-si üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb, digərlərinə mahiyyəti üzrə baxılaraq cavab verilib. 25 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırma nəticəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib”.

Nazirliyə təqdim olunan bələdiyyə aktlarının sayı 2012-ci illə müqayisədə xeyli artıq olub. Belə ki, il ərzində hüquqi ekspertizadan keçmək üçün 59 858 bələdiyyə aktı (2012-ci illə müqayisədə 14% çox) daxil olub. Bunlardan 2684 aktın qanunazidd olduğu müəyyən edilərək dəyişdirilməsi və ya ləğv edilməsi haqqında bələdiyyələrə göndərilib və həmin təkliflərin çoxu bələdiyyələr tərəfindən təmin edilib. Nazir müavini qeyd edib ki, bələdiyyə üzvləri üçün keçirilmiş 22 kursda 1633 bələdiyyə qulluqçusu iştirak edib.

Daha sonra məruzə deputatların müzakirəsinə təqdim edilib. Hazırda müzakirə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR